Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı mütəxəssis ilk hissədə komandasının daha yaxşı çıxış etdiyini bildirib.
“Bir həftə əvvəlki oyundan fərqli futbol nümayiş etdirmək istəyirdik. Xüsusilə ilk hissədə buna nail olduq. Topa sahib olmağımızı yaxşılaşdırdıq, daha çox hücumlar qurduq, rəqibin müdafiə xəttinə təzyiq etdik və bir neçə yaxşı qol epizodu yaratdıq. Lakin vacib ilk qolu vura bilmədik”, - deyən Nuutinen “Sabah”ın ilk qolundan sonra oyunun gedişatının dəyişdiyini vurğulayıb: “Rəqibin ilk qolunun qarşısını daha yaxşı ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz də azaldı. Təbii ki, evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma eyni zamanda, Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz KuPS-a daha çox bənzəyirdik”.
Baş məşqçi “Sabah”ın qələbəsini də xüsusi qeyd edib: “Biz çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya qarşı bu mərhələdə mübarizəni uduzduq. “Sabah”ı təbrik edirəm”.
Məğlubiyyətə baxmayaraq, Nuutinen komandanın azarkeşlərinə təşəkkür edib: “Avrokubok oyununda göstərdikləri güclü dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Bu iki oyundan dərs çıxaracağıq və Avropada yolumuza daha güclü şəkildə davam edəcəyik”.
Qeyd edək ki, “Sabah” iki oyunun nəticəsinə əsasən 3:0 hesablı qələbə qazanaraq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. KuPS isə mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.













































































