Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Yarışda Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva təmsil edir.
Qarşıdakı günlərdə Kamran Zeynalov və Rafiq Əliyev kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş (P1), Aybəniz Babayeva qadınlar arasında eyni məsafə üzrə (P2), Kamran Zeynalov və Aybəniz Babayeva isə qarışıq komanda (P6) yarışında birlikdə qüvvələrini sınayacaqlar.













































































