Avropa Cüdo Birliyinin (EJU) idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Sportnet.az xəbər verir ki, jurnalistlərə açıqlama verən R.Orucov yarışın yeniyetmə cüdoçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Biz burada Avropa Cüdo Birliyinin təmsilçiləri kimi iştirak edirik. Təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin bu cür yüksəksəviyyəli təşkilatçılığa hər yerdə rast gəlinmir. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplamasına, onların gələcək yarışlara daha yaxşı hazırlaşmasına xidmət edir. Öz idmançılarımızdan qızıl medal gözləyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə idmançıların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.








































































