"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Şəfa" ilə 1:1 hesabı ilə başa çatan yoxlama oyununu dəyərləndirib.
Sportnet.az xəbər verir ki, gürcü mütəxəssis həm yeni transferlərin durumu, həm də komandanın formalaşma prosesi ilə bağlı fikirlərini bölüşüb.
"Hazırda komandanı yaratmaq mərhələsindəyik. Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez başa çatdırıb komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər.
İkinci hissədə doqquz nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar", - deyə Tsxadadze bildirib.
Baş məşqçi yeni transfer Meşakın çıxışına da toxunub. O, futbolçunun ilk oyununa çıxdığını xatırladaraq, böyük potensiala malik olduğunu və gələcəkdə komandaya ciddi fayda verəcəyinə inandığını vurğulayıb.









































































