Gənclər və İdman Nazirliyinin təşkilatçılıq etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin final oyununda idim. Dövlət qurumları arasında keçirilən yarışın həlledici oyununu azarkeş kimi izləməkdən həqiqətən də zövq aldım.
Əslində finalçılardan nə SOCAR-a, nə də "Azərişığ"a azarkeşlik edirdim. Məni tamaşaçıların və futbolçuların oyuna yanaşmaları, təşkilatçılıq daha çox cəlb etdi.
Adətən, belə tədbirlərə tamaşaçıların tapşırıqla gətirilmə halları daha çox olur. Amma oyundan əvvəl BTA önündə qarşılaşdığım mənzərə, oyunətrafı ajiotaj, insan axını tam fərqli mənzərə yaradırdı. Sözsüz ki, aralarında dövlət qulluqçuları, dövlət işçiləri yetərincə idi. Amma nə özlərin müəyyən çərçivəyə salmışdılar, nə də buna bənzər digər əlamətlərini hiss elətdirirdilər. Qalstuksuz, qeyri-rəsmi görkəmdə idilər.
Əvvəlcə hökumət və Milli Məclis komandaları üz-üzə gəldilər. 6:6 hesabı ilə bitən, çox həyəcanlı görüş izlədik. Aparıcı dost və həmkarımız Sənan Şəfizadə meydançanın kənarından görüşü elə şərh edirdi ki, sanki matça televiziya vasitəsilə baxırdıq.
Milli Məclisin deputatlarını oyunlar vaxtı yetərincə izləmişik. Məsələn, 2022-ci ildə təşkil etdiyimiz Zəfər Kubokunun finalından əvvəl onlar Vətən Müharibəsinin veteran jurnalistləri ilə qarşılaşmışdılar. Bilirik ki, onlar tez-tez oynayırlar. Bu yaxınlarda Türkiyədə beynəlxalq turnirdə də iştirak ediblər.
Amma aralarında nazirlər və dövlət qurumları rəhbərlərini vahid futbol komandası formasında meydançada ilk dəfə idi görürdüm. Fərid Qayıbov, Emin Əmrullayev, Vüqar Əhmədov, Şahin Bağıriov, Orxan Məmmədov, Milli Məclis komandasından bir neçə ildir "transfer olunmuş" Ramin Məmmədovla Fuad Muradov və s...
Əlbəttə, onlar peşəkar futbolçular deyildilər, buna görə də peşəkarcasına ifalar görə bilməzdik. Amma mübarizə əzmi, asanlıqla təslim olmamaq, hətta bəzən rəqib oyunçuların bir-birinə qarşı sərt oyunu və bundan sonra qarşılıqlı iradlara şahidlik etdik. Milli Məclis komandasının 1:4 hesabı ilə geridə olduğu halda, geridönüş etməsi və hətta hesabı öz xeyrinə dəyişdirməsi, daha sonra Hökumət komandasının bərabərliyi təmin etməsi, qarşılaşmanın əsl dostluğa xas hesabla bitməsi hər bir tamaşaçıya müsbət emosiyalar bəxş etdi.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov həm qol vurdu, həm də qolların bir neçəsinin məhsuldar ötürməsini verdi. Aydın görünürdü ki, o, cavabdehlik daşıdığı idman növü ilə praktiki də məşğul olur. Deputatlar komandasında isə artıq çəkisinə baxmayaraq, Azər Əmiraslanov hücumda xeyli fəal idi. Təsadüfi deyil ki, o, 3 qolun müəllifi oldu.
Daha sonra SOCAR və "Azərişıq" komandaları final oyununa çıxdılar. Yenə maraqlı, amma bərabərliklə bitməyən oyun. Rəqibinə heç bir şans verməyən SOCAR 5:0 hesablı qələbə qazandı.
Bu oyunda "Neftçi" Futbol Klubunun sabiq prezidenti, hazırda isə eyniadlı idman klubunda çalışan Sadıq Sadıqovun azarkeşliyini, SOCAR-ın aparat rəhbəri və futbol klubunun Müşahidə Şurasının sədri Hafiz Zeynalovun, klubun oyunları vaxtı rastımıza çıxmasa da, mükafatlandırma mərasimində iştirakını gördük.
Yeri gəlmişkən, mükafatlandırma mərasiminə yalnız o qalstukla qatılmışdı. Lakin ətrafındakıların hamısının qeyri-rəsmi olduqlarını gördükdə, o da qalstukunu çıxarıb işçilərindən birinə verdi.
Dünənki oyunlar hansı qənaəti formalaşdırdı? Biz idman tədbirlərinin, lap elə futbol matçlarının əksəriyyətində jurnalist kimi iştirak edir, peşə borcumuzu yerinə yetiririk. Bəlkə də bu zaman tribunalarda olan və ya heç ümumiyyətlə olmayan ab-havanın fərqinə varmırıq, ən azı özümüzü də onlardan biri kimi hiss etmirik.
Amma hamı ilə birlikdə gözəl oyunu, mübarizə əzmini, qolları alqışlamaq, o auranın içərisinə düşmək fərqli hisslər yaradır. Azərbaycan Premyer Liqasının oyunları nə qədər maraqlı keçsə də, onu ən azı azarkeşlər qədər maraqlı edən olmayacaq. Gərək oyunlar da tamaşaçı toplasın, klublar bu məsələyə çox ciddi yanaşsınlar. O zaman hər şey daha gözəl, daha təbii alınacaq!






































































































