Gürcüstanın paytaxtı Tbilisidəki dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə cüdoçusu Bilal Çiloğlunun Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- Qazandığınız medal münasibətilə təbrik edirəm. Bu medalın karyeranızda hansı rolu, önəmi var?
- Təşəkkür edirəm. Bu medal mənim üçün önəmlidir. Mən bu səviyyələrin adamı, idmançısıyam. Qazandığım medal yenidən bu səviyyəyə dönməyin xəbərçisi idi. İndi daha artığını istəyirəm. Bakıda keçiriləcək dünya çempionatında da medal üçün olacağam.
- Bir müddət zədəli olmuşdunuz. Geri dönmək üçün çox çətinlik çəkmədiniz?
- Bu medala olan inancım məni heç vaxt əlacsız qoymadı. Çox çalışdım, heç vaxt geriyə addım atmadım. Nə qədər pis durumda olsam belə, həmişə irəli baxdım. Bir gün yenidən bu səviyyəyə gələcəyimə inanırdım. Çox şükür ki, gəlib çatdım.
- Hidayət Heydərovla yarımfinal görüşünüzü necə dəyərləndirirsiniz?
- Hidayətlə hələ yeniyetməlik dövründən rəqibik və çox yaxın dostlarıq. Hər zaman görüşlərimiz bərabər səviyyədə keçir. Bu, mən qazananda da elədir, o udanda da. Bu gün o, qalib gəldi. Təbrik edirəm. Hər zaman dostum. Görüşümüz çox çətin keçdi. Ümidvaram ki, birlikdə neçə-neçə finallar, medallar qazanacağıq.
- Onu məğlub etdiyiniz görüşünüz olubmu?
- Bəli. 2021-ci il dünya çempionatının 1/4 finalında qalib gəlmişəm.
- Hidayət Heydərovun Laşa Şavdatuaşviliyə qarşı final görüşünü izlədiniz?
- Bəli.
- Sizcə, Heydərovun məğlubiyyətində hakimlik amili rol oynadı?
- Təbii ki, "doğma divarlar"ın üstünlüyü var idi. Laşa da bundan çox yaxşı yararlandı. Hidayətin isə bəlkə də daha çox hücum etməsi lazım idi. Təbii ki, o da qalib gələ bilərdi. Lakin Şavdatuaşvili evinin üstünlüyündən istifadə edərək, qızıl medalını aldı. Dünya çempionatı Bakıda keçiriləcək. Görək, orada nələr olacaq.
- Nələr olacaq?
- 73 kq-dakı digər cüdoçuları bilmirəm, mən çempion olmağa gələcəyəm.
Elşən MƏMMƏDOV, Tbilisi













































































