Elşən MƏMMƏDOV
Qısa ötürmələrlə hücum və qarşı tərəfin yaxın oynama qaydası ilə müdafiə olunması klassik Azərbaycan üslubudur.
Yəqin ki, sovetdənqalma sistemdir. Çünki keçmiş SSRİ-nin məşqçilər məktəbi Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərirdi və aralarında ən titullu məşqçilərdən olan Ağasəlim Mircavadov da oradan götürdüyünü Azərbaycanda müxtəlif komandalarda tətbiq edirdi.
Biz vaxtilə belə oyunu Moskva "Spartak"ının ifasında Oleq Romantsevin baş məşqçiliyi dövründə izləyirdik.
Amma onlara qarşı "Dinamo Kiyev"dən gördüyümüz Ukrayna futbolu, Valeri Lobanovski fəlsəfəsi də var idi.
İndi isə illərdir bunu Qurban Qurbanovun rəhbərliyi ilə "Qarabağ"ın ifasında izləməkdəyik.
Etiraf edək ki, belə bir sistem bəlli bir mərhələyədək çox uğurlu alınıb və nəinki yerli, hətta dünya miqyasında effekt verib. Son olaraq, Çempionlar Liqasında bəhrəsini gördük.
Lakin Qurban Qurbanovun dediyi kimi, topa daim hakim olmaqla oyun nə qədər sadədirsə, belə komandalara qarşı effektiv müdafiə də çətin deyil. Uzağı bir-iki oyun problem yaşamaq olar. Xüsusən, qarşı tərəfin baş məşqçiləri də yerlidirlərsə, elə yaxın oynama qaydası ilə "Qarabağ"ın hücumlarının qarşısını almaqda çətinlik çəkməyəcəklər.
Diqqət edək: Bu mövsüm "Qarabağ" çempionluq yolunda ən böyük zərbəni iddialı "Sabah"dan aldı, yoxsa ciddi iddiası olmayan "Kəpəz"dən və ya bu gün "Şamaxı"dan?
Təbii ki, son iki komandadan. Onların yerli baş məşqçiləri Azər Bağırov və Ayxan Abbasovdan. Məhz futbolçularını yaxın oynadan mütəxəssislərdən.
Artıq "Qarabağ"ın oyunları da, oyunçuları da heç bir yeniliklə fərqlənmirlər. Komandanın nə uzun ötürmələrlə irəli atılanları var, nə də sürətli futbolçuları.
Hansı ki, bunları biz "Neftçi"də görməkdəyik. Ukraynalı Yuri Vernidubun komandasının ifasında. Ukrayna futbolu, Valeri Lobanovski fəlsəfəsi ilə...
"Qarabağ"ın oyun üslubu bu mövsüm Azərbaycan Premyer Liqasında ciddi effekt vermədi. Elə oyunçuları da. Odur ki, ən azından futbolçuları dəyişməlidir.
Oyun üslubu isə...











































































