"Dünya çempionatının oyunları zamanı su fasiləsinin verilməsi hava şəraitinə görədir. Normal haldır".
Bunu Sportnet.az-a eksklüziv video-açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanov deyib.
54 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan çempionatının oyunlarında da isti havalarda futbolçuların su içmələri üçün belə fasilələr verilir.
O, hazırda ABŞ, Kanada və Meksikada davam edən mundialda hər hissədə 3 dəqiqəlik fasilənin elan olunmasına belə reaksiya verib: "Burada da şərtlər hamı üçün eynidir. Amma istənilən halda, mənə elə gəlir ki, hava şəraitinə görə belə bir addım atıblar. Çünki futbolçular öz klublarında keçirdikləri mövsümdən sonra həddindən artıq yorğun olurlar və gəlib dünya çempionatı kimi yarışda iştirak edirlər. Belə bir şəraitdə onlara hansısa üstünlüyü vermək, məncə, pis addım deyil".
Qurbanov AFFA İK üzvü kimi Azərbaycan Premyer Liqasında da 3 dəqiqəlik su fasiləsinin verilməsi təklifinin nə dərəcədə mümkünlüyünə də münasibət bildirib: "Xeyr, mən belə bir təklif irəli sürə bilmərəm. Çünki bu, FIFA və UEFA-nın fikridir. Mənim bu barədə fikrim yoxdur".
Qeyd edək ki, isti havalarda oyunlar zamanı su fasilələrinin elan olunması halları müşahidə olunsa da, DÇ-2026-da bunun üçün konkret qayda müəyyənləşdirilib. Yeni qaydalara əsasən, hər oyunun həm ilk yarısının, həm də ikinci hissəsinin ortalarında 3 dəqiqəlik su fasiləsi elan olunur. Bu zaman komandalar təkcə su içmirlər, həm də baş məşqçilərdən taktiki təlimatlar alırlar.











































































