"İmişli"nin baş məşqçi postundan ayrılan portuqaliyalı mütəxəssis Jorj Kaşkilya komanda ilə vidalaşıb.
Sportnet.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada "İmişli" ilə əlaqəsinin bu gün rəsmən başa çatdığını bildirib.
Kaşkilya ilk növbədə, futbolçulara təşəkkür edərək, onları "bu yolun əsl qəhrəmanları" adlandırıb: "Mövsüm ərzində saysız-hesabsız çətinliklərlə üzləşdilər, heç vaxt təslim olmadılar, birliklərini qorudular və qeyri-adi xarakter, fədakarlıq və mübarizə ruhu nümayiş etdirdilər. Onlar əsl çempion idilər".
Portuqaliyalı çalışdırıcı vurğulayıb ki, komanda qarşıya qoyulan məqsədə mövsümün başa çatmasına üç tur qalmış nail olub: "Bu, bizim çempionluğumuz idi. Bu, ən çətin anlarda belə həmişə inanan bir kollektiv üçün tamamilə haqq edilmiş mükafat idi".
57 yaşlı mütəxəssis daha sonra məşqçilər və texniki heyətə, klub rəhbərliyinə, eləcə də azarkeşlərə minnətdarlığını bildirib: "Onların şüarları, coşqusu və ehtirası bizə hər zaman irəliləmək üçün güc verdi".
Kaşkilya "İmişli"ni çalışdırmağın onun üçün böyük şərəf olduğunu qeyd edərək, klubdan gözəl xatirələr, dostluqlar və birlikdə qət edilən yolun qüruru ilə ayrıldığını bildirib.
Sonda o, həm kluba, həm də Azərbaycana təşəkkürünü ifadə edib: "Kluba və bu ailənin bir hissəsi olan hər kəsə gələcəkdə ən böyük uğurlar arzulayıram! Təşəkkür edirəm, Azərbaycan! Özümlə böyük minnətdarlıq hissi aparıram. Ümid edirəm ki, bu, əlvida deyil, tezliklə görüşərik!"













































































