Prezident İlham Əliyevin milli komanda ilə görüşü zamanı sərbəst güləşçi Turan Bayramovla qısa söhbətinin detalları müəyyənləşib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, buna 74 kq çəki dərəcəsində yer alan idmançının rəsmi qəbul vaxtı çıxışı səbəb olub.
Dövlət başçısı qarşısında sərbəst güləşçilər adından çıxış edən Bayramov "Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım" söyləyib.
Qəbulun ardından hər kəslə ayrıca görüşən Prezident İlham Əliyev ona yaxınlaşdıqda məhz bu məqam üzərində dayanıb. Dövlət başçısı "Əvvəllər qızıl medal qazanmamısan?" soruşub. Bayramov isə "Xeyr, amma söz verirəm ki, qazanacağam" deyə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Lakin qızıl medalları legionerlər İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) əldə edib. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medala sahib olub. Bu idmançılardan yalnız Bayramov milliyyətcə azərbaycanlıdır.












































































