2026-cı il dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu raundun ilk görüşü Fransa və Mərakeş milliləri arasında keçirilib.
ABŞ-ın Foksboro şəhərindəki "Cilett" stadionunda təşkil olunmuş qarşılaşma Fransanın qələbəsi ilə yekunlaşıb - 2:0.
Argentinalı baş hakim Fakundo Tello 28-ci dəqiqədə Mərakeşin qapısına penalti təyin edib. Lakin Fransa yığmasının hücumçusu Kilian Mbappe bu imkandan yararlana bilməyib.
Lakin Mbappe 60-cı dəqiqədə hesabı açaraq komandasını önə keçirib. Cəmi 6 dəqiqə sonra Usman Dembele fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib – 2:0.
Beləliklə, Fransa millisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. Finala gedən yolda rəqib İspaniya - Belçika görüşünün qalibi olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.










































































