Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının baş məşqçisi Lazar Spasiç FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.
O, bu dəfə bəxtlərinin gətirmədiyini bildirib: “Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. “Nanter” də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar Fransa çempionatını ilk “üçlük”də başa vurublar. “Ritas” isə Litvada ötən mövsümün çempionudur”.
Serbiyalı mütəxəssis qeyd eib ki, bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyillər: “Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr göstərə biləcəyik”.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının A qrupunda mübarizə aparacaq.











































































