"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensialı rəqibləri olan "Vardar" (Şimali Makedoniya) və
KuPS (Finlandiya) klubları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, görüş Finlandiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaq komandanın heyətində qolları 45-ci dəqiqədə Brahima Maqassa, 49-cu dəqiqədə isə Bob Arma vurub. Meydan sahiblərinin futbolçusu Nemanya Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bununla da, KuPS iyulun 14-də keçiriləcək cavab görüşü öncəsi ciddi üstünlük qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, II təsnifat mərhələsində “Vardar” – KuPS cütünün qalibi ilə qarşılaşacaq.
Masazır klubu birinci görüşdən qalib ayrılıb - 2:0.













































































