"Zirə" komandasının kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, təcrübəli cinah müdafiəçisi mətbuat konfransında komandanın qarşılaşmaya tam hazır olduğunu bildirib. O qeyd edib ki, rəqib güclü kollektiv olsa da, "Zirə" meydanda istədiyi nəticəni əldə etmək üçün əlindən gələni edəcək.
"Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq", – deyə Qismət Alıyev vurğulayıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" – "Torpedo" arasında ilk oyunu iyulun 8-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Komandalar arasında cavab görüşü isə iyulun 16-da baş tutacaq.












































































