Artıq ikinci dəfədir ki, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edir. Məqsədimiz 2017-ci ildə əldə etdiyimiz nəticədən daha uğurlu çıxış etməkdir.
Sportnet.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, komandanın ilk hədəfi qrup mərhələsini uğurla başa vurmaqdır: “İlk məqsədimiz qrupdan çıxmaqdır. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında hazırlıq prosesini yüksək səviyyədə davam etdiririk. İnanıram ki, qarşıya qoyduğumuz hədəflərə çatacağıq”.
Qeyd edək ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycan C qrupunun oyunlarını qəbul edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.











































































