Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə dörd çəki dərəcəsində Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.
Onlardan Balabəy Ağayev 60 kq çəki dərəcəsində finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.
Eyni çəkidəki Əhməd Yusifov və 66-da Nizami İmranov bürünc medal uğrunda mübarizə aparacaq. Yusifov israilli İshak Aşpislə, İmranov monqolustanlı Yolk Kazırbyeklə görüşəcək.
Ruslan Paşayev (66 kq) təsəlliverici görüşdə uduzaraq, 7-ci yerlə kifayətlənib. Qadın cüdoçulardan Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə ilk görüşdəcə məğlub olaraq, mübarizəni erkən dayandırıblar.
Medal görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.





















































































