“İlk matçın nəticəsinin cavab görüşündə hər iki komanda üçün həyəcanverici olacağına inanıram. Çünki bir topluq üstünlük o qədər də qapanılmayacaq fərq deyil”.
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas evdə Danimarka “Orhus”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Litvalı mütəxəssisin fikrincə, hər iki komanda sabahkı matça böyük həyəcan və ciddiyyətlə yanaşacaq: “Amma biz ev komandasıyıq. Öz stadionumuzda çıxış edirik, doğma azarkeşlərimizin önündə onların dəstəyini hiss edəcəyik. İnanıram ki, bir topluq fərqi aradan götürəcəyik. Hər bir futbolçumuz oyuna hazırdır. Klubumuzdakı hər kəs sabah əlindən gələni edəcək ki, biz mərhələni adlayan tərəf olaq, Azərbaycan və “Sabah” fəxr edən tərəf olsun. Həftəiçi keçirilən oyunların ağır olduğunu bilirik və bu qarşılaşmaya hazırıq”.
Baş məşqçi “Orhus”un heyətində təkcə ilk matçdakı dubl müəllifi Ceyms Bogerenin deyil, bir çox təhlükəli futbolçunun olduğunu diqqətə çatdırıb: “Rəqibimiz bir oyunçudan ibarət deyil. “Orhus”un həqiqətən də 11 yaxşı futbolçusu var, həqiqətən də yaxşı kollektivə malikdirlər. Bu mövsüm cəmi bir məğlubiyyətimiz olsa da, Avropada böyük təcrübəyə malik deyilik. Bəzən ola bilər ki, futbolçularımızın özündə də bu qədər yaxşı çıxış edə biləcəyimizə şübhələr olsun. Doğrudan da, ilk matçda çox yaxşı futbol sərgilədik. Amma rəqib çılğın azarkeşləri qarşısında möhtəşəm ab-hava yaratmışdı. Evə dönərkən klubumuzdakı hər kəs performansdan yox, nəticədən narazı idi. Nəticə bizim üçün daha yaxşı ola bilərdi. “Orhus” elə komandadır ki, qol epizodları az yaratsa da, çox yaxşı şəkildə yararlanmağı bacarır. Son oyunlarda çox az qol epizodları yaratsalar da, maksimum faydalanmağı bacarıblar. Əlbəttə, Bogereyə nəzarət edəcəyik. Amma düşünürəm ki, “Orhus” təkcə bu oyunçuya görə yox, komanda şəklində çox yaxşı səviyyədədir. Amma bizim də çox keyfiyyətli komandamız var. Danimarkada müəyyən səhvlər etdik. Biz bu səhvləri sabahkı oyunda aradan qaldırmalıyıq. Düzdür, rəqib də düzəlişlər edəcək. Hansı tərəf xırda detalları daha yaxşı təhlil və meydançada düzgün icra etsə, həmin kollektiv də növbəti raunda yüksələcək. Hər şey xırda detallarda gizlənəcək. Amma biz oyunumuza daha yaxşı köklənsək, meydançanı qələbə ilə tərk edən tərəf ola bilərik”.
Dambrauskas hava şəraitinin görüşə təsir etməyəcəyini bildirib: “İqlim barədə çox danışılır. Bəzən sərin, bəzən isti hava şəraitinin oyuna mümkün təsirləri müzakirə olunur. Amma mən düşünürəm ki, bu, bir qədər şişirdilmiş faktordur. Çünki biz Danimarkada olarkən də hava şəraiti fərqli ola bilərdi. Rəqib də peşəkar komandadır. Bunun önəmli amil olmadığını qeyd etmək istərdim. Məncə, səfər oyunlarında təsiredici amil çox güclü küləkdir. Hərçənd, güclü külək hər iki komandaya təsir edə bilər. Amma düşünürəm ki, sabah belə bir hava şəraiti olmayacaq. Üstəlik, stadionumuzun tribunalarının üstü bağlıdır. Bunun önəmli üstünlük olacağını hesab etmirəm”.
O, komandasının çoxsaylı qol imkanları yaratmasından məmnun olduğunu da əlavə edib: “Sabahkı oyun üçün hücumçularımızla bağlı fərqli bir şey hazırlamamışıq. Çalışırıq ki, hər oyunda qollar vuraq. Məni məmnun edən məqam budur ki, biz qol fürsətləri yaradır və belə imkanlardan yararlanmağa çalışırıq. Məni qol fürsətlərinin yaradılmaması məyus edərdi. Futbol elə bir oyundur ki, bəzən qol fürsətləri yaratsan da, top tora daxil olmur. İnanıram ki, sabah azarkeşlərimizin və stadionumuzdakı ab-havanın köməyi ilə toplar tora daxil olacaq və mərhələni adlayan tərəf olacağıq”.
Qeyd edək ki, avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Orhus” oyunu saat 20:00-da başlayacaq. Komandaların Danimarkada baş tutan ilk görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Beer Şeva, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) duelinin qalibi ilə üz-üzə gələcək.




































































