"Səfərdə həqiqətən də yaxşı çıxış etdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın futbolçusu İvan Lepinitsa evdə Danimarka "Orhus"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Xorvatiyalı yarımmüdafiəçi xatırladıb ki, rəqibin yaratdığı hər iki epizod cərimə zərbəsindən kənardan vurulan qolla nəticələnib: "Mən deyə bilərəm ki, onlar yalnız bu şanslara sahib oldular. Oyun ərzində başqa heç bir imkanları olmadı. İlk matça çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, ev oyunumuza səfərdəkindən də yaxşı hazırlaşmışıq. Özümüzə çox inanır, çox güvənirik. İnanıram ki, sabah çox yaxşı oyun olacaq. Ola bilsin, 90 dəqiqə, ola bilsin, ondan sonrakı müddətədək oyun davam etsin. Ümid edir və inanıram ki, mərhələ adlayan tərəf biz olacağıq".
27 yaşlı oyunçu orta sahədə birlikdə yer almaq istədiyi futbolçunun kimliyi ilə bağlı sualı da cavablandırıb: “Mənim üçün uzun müddət birlikdə çıxış etdiyim futbolçu ilə yanaşı durmaq daha yaxşı olardı. Amma hər bir qərar baş məşqçimiz Valdas Dambrauskasa məxsusdur. Mənim üçün heç bir fərqi yoxdur. Mən daha çox özümə və bütün komandamızın oyununa köklənirəm. Oyunçularımız arasında yaxşı əlaqə varsa, bu, bizim üçün əlavə bonusdur, üstünlükdür”.
Qeyd edək ki, avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Orhus” matçı saat 20:00-da başlanacaq.




































































