"Çox danışacaq bir şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada Ukraynanın "Dinamo Kiyev" komandasına 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib çox yaxşı müdafiə olunmağı və çox sürətli əks-hücumlara keçməyi bacaran kollektivdir: "Sürət və dinamikanı bir qədər qaldırmağımız lazım idi. Bəlkə də hava şəraiti buna o qədər də imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox da getmək istəmədim. Cavab görüşünədək 5-6 günlük vaxtımız olacaq. Bakıya qayıtdıqdan sonra oyunu tam analiz edərək, qarşıdakı matça hazırlaşacağıq".
Qurbanov məğlubiyyətin əsas səbəblərindən danışıb: "Oyunun əvvəllərində sadə, kiçik bir texniki səhv oldu və qol buraxdıq. Amma ümumilikdə, müdafiədə heç də pis davranmadıq. Sadəcə, hücum xəttində aktivlik çatmadı".
O, kapitan Abdullah Zubirin start heyətində yer almasını isə belə izah edib: "Bu gün düşündüyüm "11-lik"də Zubirə ehtiyac var idi. Bir neçə hücumumuzu Zubirin vasitəsilə qurmalı idik. Bəziləri alındı, amma hamısı yox. Zubirin start heyətdə olmasının başqa bir səbəbi yoxdur".
Baş məşqçi Azərbaycanda yerli futbolçuların sayının azalmasının səbəbinin legionerlərlə əlaqələndirilməsinə belə reaksiya verib: "Legioner limiti bir mövsüm əvvəl ləğv olunub. Sadəcə, bir proqram tutulub, layihə hazırlanıb. Bu qərarın özünü nə qədər doğruldacağını görmək üçün vaxt lazımdır. Ümumilikdə klublarımız avrokuboklarda heç də pis çıxış etmirlər. Xeyli qalibiyyətlərimiz var. Qaldırdığınız məsələ çox uzun mövzudur. Hazırda bu suala geniş cavab verə bilməyəcəyəm".
Sonda təcrübəli mütəxəssis oyunu izləməyə gələn bütün azarkeşlərə təşəkkürünü bildirib: "Belə bir uzaq ölkəyə gələrək komandalara dəstək verdiyinizə görə minnətdaram. Hər iki tərəfin azarkeşlərinə "çox sağ olun" deyirəm".












































































