Danimarka Superliqasında bu mövsümdən tətbiq edilən yeni qaydalara əsasən, avrokuboklarda çıxış edən klubların daxili çempionat oyunları təxirə salına bilər. Bu yenilik "Orhus"a da üstünlük qazandırıb.
Sportnet.az xəbər verir ki, "Orhus"un baş məşqçisi Yakob Poulsen əlavə fasilənin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah"a qarşı keçiriləcək cavab oyunu öncəsi komandaya müsbət təsir edəcəyini bildirib.
Poulsen son həftələrdə komandanın ciddi zədə problemləri ilə üzləşdiyini xatırladıb. Onun sözlərinə görə, bir sıra əsas futbolçuların sıradan çıxması səbəbindən həm "Lex", həm də "Linqbi" ilə matçlarda gənc oyunçulara şans verməli olublar.
Baş məşqçi əlavə edib ki, Superliqadakı fasilə futbolçuların bərpası üçün mühüm fürsətdir:
"Hazırkı vəziyyətimizdə zədədən qayıdan və hələ də müalicəsi davam edən oyunçularımız var. Üstəlik, heyətdəki itkilər səbəbindən bəzi futbolçular ardıcıl çox oyun keçiriblər. Bir neçə günlük istirahət onların fiziki durumuna müsbət təsir göstərəcək. Ümid edirəm ki, cavab matçına daha hazır heyətlə çıxacağıq."
Poulsen bundan sonra da rotasiyadan istifadə edəcəyini vurğulayıb:
"Hər oyunda fiziki cəhətdən maksimum hazır olmalıyıq. Buna görə də heyətdəki daha çox futbolçudan istifadə etməliyik. Komandamızda keyfiyyətli oyunçular var və onlar da öz sözlərini deyə bilərlər."
Qeyd edək ki, "Sabah" - "Orhus" arasında cavab görüşü çərşənbə axşamı Masazırdakı Bank Respublika Arenasında keçiriləcək. İlk matçda rəqib 2:1 hesabı ilə qalib gəlib.













































































