"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandanın transfer çalışmalarını davam etdirdiyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə keçiriləcək ilk oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, Ağdam təmsilçisi heyəti gücləndirmək üçün yeni futbolçuların axtarışını davam etdirir.
"Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik", – deyə Qurban Qurbanov vurğulayıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) – "Qarabağ" oyunu avqustun 6-da Polşanın Lublin şəhərindəki "Lublin Arena"da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.














































































