"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev yeni sponsorla müqavilənin imzalanma mərasimindən sonra brifinq keçirib.
Klub rəhbəri Sportnet.az-ın da suallarını cavablandırıb:
- "Turan Tovuz"un yayda cəmi 2 futbolçu transfer etməsi nə ilə əlaqədardır?
- Planlarımız, danışıqlar apardığımız çox vacib oyunçular var idi. Məlum hadisə ilə əlaqədar planlarda bəzi dəyişikliklər etməli olduq. Bilirsiniz ki, avrokuboklarda iştirak etmək futbolçular üçün əlavə stimuldur. Bu, bizdə alınmadı. İndi minimum daha 2 legioner transfer etməyi nəzərdə tutmuşuq. Heyətimizi gücləndirməyə davam edəcəyik.
- "Məlum hadisə" dediniz. Mümkünsə, o barədə bir qədər geniş danışardınız. Əslində orada nə baş vermişdi?
- Keçmiş haqqında danışmayaq. Gəlin, gələcəyə baxaq. Bu gün keçmiş haqqında düşünmürük. Xoş şeylər barədə danışmağı planlaşdırırıq. Çünki keçmişə baxsaq, orada çox ilişib qalacağıq. Yalnız qabağa, yalnız irəli! Yeni sponsorla müqavilənin imzalanma mərasiminin bir mahiyyəti də ondan ibarətdir ki, biz həvəsdən düşməmişik. Daha enerjili, daha yeni qüvvələrlə yarışın içində olacağıq. Hamınıza elan edirəm: Bu mövsüm də hədəfimiz çempionluq, mövsümün sonunadək ən azı çempionluq yarışının içində olmaqdır! Hesab edirəm ki, keçən ildən daha güclü, daha dinamik, daha keyfiyyətli "Turan Tovuz"u görəcəyik.
- Çempionluq mübarizəsində "Sabah" və "Qarabağ" kimi komandalarla bacara bilərsiniz?
- Bacara bilməyəcəyimizi düşünsəydik, burada olmazdıq.
- Keçmiş olaylarla bağlı danışmaq istəmirsiniz. Bəs "məlum hadisə" gələcəklə bağlı hansısa fikir və düşüncələrinizə təsir edirmi? Əlinizin işdən soyuması ilə bağlı müəyyən iddialar var idi...
- Var, olub. Açıq danışacağam, səmimi olmağa çalışıram. Bu barədə çox düşündük. Amma istər-istəməz Tovuz ziyalıları, eyni zamanda AFFA rəhbərliyi ilə şəxsi görüşlərim oldu. Bir neçə dəfə yanımızda oldular, dəstək verdilər. AFFA prezidenti Rövşən Nəcəfə təşəkkür edirəm. Görüşlərdə səsləndirilən fikirlərdən sonra bu layihənin yarımçıq qoyulmaması düşüncəsində olduq. Ona görə də davam etmək, daha iddialı, daha əzmkar olmaq və təslim olmamaq qərarına gəldik. Lakin bu, o anlama gəlməməlidir ki, sponsor ömrü boyunca davam edəcək. Bəzi şeylərdə də düzəlişlər aparılmalı, bəzi məsələlərdə irəliləyişlər olmalıdır. Bunlar bu günün mövzusu deyil. Amma biz də müşahidə edəcəyik, gələcək planlarımızı nəzarətdə saxlayacağıq.
- Türkiyənin "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla görüşünüz oldu. Bu barədə danışardınız...
- Çox əlamətdar və məhsuldar görüş oldu. "Fənərbağça" təklifimizi, dəvətimizi qəbul edib. Artıq klubun idarə heyəti Azərbaycanda "Turan Tovuz" və "Fənərbağça" arasında yoldaşlıq görüşünün keçirilməsinə dair qərar qəbul edib. Sadəcə, biz çox istəyirik ki, oyun Tovuzda olsun. Amma oyunu izləmək üçün bizə və "Fənərbağça"ya çoxlu azarkeş müraciət edib. Tovuz şəhər stadionu isə çox balacadır. Tribunalarda azarkeş sayını hələ artıra bilməmişik. Ona görə də görüş yerinin Bakıya dəyişdirilməsinin nə dərəcədə mümkünlüyü istiqamətində müzakirələrimiz oldu. Yaxın günlərdə bununla bağlı qərar verəcəyik.
- Ortaq məxrəcə gələ bildiniz?
- Gəlmişik. 20 sentyabr - 10 oktyabr aralığında olacaq. Çox istəyirik ki, bu oyunu şəhidlərimizin anım gününə həsr edək və əldə edəcəyimiz vəsaiti xeyriyyə fondlarına köçürək.
- Matçın Bakı Olimpiya Stadionunda təşkili mümkündürmü?
- O stadion hazır deyil.
- Bəs Gəncə şəhər stadionunda?
- Müzakirələrimiz gedir. Yer mövzusu açıq olaraq qalır. Stadion məsələsində azarkeş tələbinə uyğun bəzi addımlar atmağa ehtiyac duyuruq. Minimum 20-30 minlik stadiona ehtiyacımız var.
- Görüşün milli fasiləyə düşməsi üzündən "Fənərbağça"nın ikinci heyətlə gələcəyinə dair narahatlıqlar var...
- Qəbul edək ki, hazırda "Fənərbağça" Çempionlar Liqasında çıxış edir, avrokuboklarda əsas mərhələdə iştirakını təmin edib. Bizim üçün isə Premyer Liqa çox vacibdir. Birinci növbədə, özümüzü düşünürük. Həftəiçi iki oyun keçirməyə, xüsusən də "Fənərbağça" kimi komandaya qarşı çıxış etməyə fiziki baxımdan hazır deyilik. Qarşı tərəf də buna razı ola bilməz. Ona görə də qarşılaşma yalnız çempionatdakı fasilədə olmalıdır. Kimlər milli komandaların düşərgəsinə getməyəcəklərsə, onlar da yoldaşlıq görüşündə iştirak edəcəklər.
- "Fənərbağça" ilə əməkdaşlıq yalnız bir yoldaşlıq görüşü ilə məhdudlaşacaq, yoxsa...
- Xeyr. Oyunçu mübadiləsi barədə də görüşlərimiz olub. Akademiyanın inkişafı, "Fenerium" mağazalar şəbəkəsinin təcrübəsindən faydalanmaq, mümkünsə, bərabər addım atmaq planlarımız var. Bircə yoldaşlıq görüşü ilə kifayətlənməyəcəyik. Azərbaycanın avrokuboklarda ilk təmsilçisi olmuş "Turan" 1994-cü ildə məhz "Fənərbağça" ilə üz-üzə gəlib. Ona görə də "Fənər"in bizim üçün mənəvi dəyəri çoxdur. Yeni sponsorumuzun da bu görüşlərin təşkilində böyük əməyi olub.
- Azərbaycan futboluna gələn sponsorlar əsas söz sahibi olmaq istəyirlər. Bu baxımdan, yeni sponsorla danışıqlarınız ağır keçmədi?
- Xeyr, elə bir hal baş vermədi.
- "Turan Tovuz"a sponsorluq etmək istəyən tovuzlu iş adamları arasında İlham Rəhimovun da adı hallanır. Onun Tovuza hansısa formada dəstəyi varmı?
- Yəqin ki, Tovuza dəstəyi var, amma "Turan Tovuz"a xeyr (gülür - red.).
- Futbol klublarımızın gəlirləri artdıqca daha çox əsas komanda diqqətdə saxlanılır. Yeni sponsorunuzun ödəyəcəyi 2 milyon dolların təyinatını da açıqlaya bilərsiniz?
- İstiqamət paralel davam edəcək. Akademiya xərclərimiz həddindən artıqdır. Bəlkə də Azərbaycanda ilk iki yeri bölüşürük. Dövlət proqramındakı məbləğlərdən 4-5 dəfə artıq vəsait xərcləyirik. Hansı daha faydalı işlər görə, hansı təcrübələrdən faydalana biləcəyimizi müzakirə edəcəyik. Tovuz və bölgəmizin 500-dən çox yeniyetmə futbolçusu akademiyamızda məşq edir. Artıq birlikdə analiz edəcək, sayları çoxdursa, kəmiyyətə yox, keyfiyyətə daha çox önəm verəcəyik. Biz futbolun populyarlaşması üçün böyük saylara fikir veririk. Oyunçu yetişdirib satmaqdan daha çox bölgədə futbolun daha çox populyar olmasına çalışırıq. 500 uşağın gəlməsi onların ailə üzvləri, gələcəkdə özlərinin və övladlarının da "Turan Tovuz" azarkeşi olmaları istiqamətində düşünürük. Amma eyni zamanda beynəlxalq təcrübədən də yararlanmağın zamanının yetişdiyi qənaətindəyik.
- Ötən mövsüm legioner limitinin ləğvindən sonra həm futbolçu yetişdirmək, həm də əcnəbilərə vəsait ayırmağın "Turan Tovuz" üçün çətin olduğunu demişdiniz. Bəs bu qərar akademiyanızın fəaliyyətinə təsir edəcəkmi?
- Çox ciddi təsir edəcək. Elə indi də çox ciddi təsir edir. Xüsusən, bu qədər yaş qrupu üzrə komandaları və əvəzedici heyəti saxlamağın futbolumuz üçün o qədər də faydalı bir şey olmadığını düşünürük. Bütün klublar əvəzedici heyətdə futbolçular saxlayırlar. Hesab edirik ki, onlar I Liqa və II Liqada mübarizə apararaq o çempionatların keyfiyyətlərini ciddi şəkildə artıra bilərlər. Amma bu gün yolumuzda ciddi problemlər var. Bunlar indinin problemləri deyil, uzun müddətdir davam edir. Düzdür, bəziləri get-gedə aradan qaldırılır, müəyyən inkişaf da var. Onları görməzlikdən gəlsəydik, səhv olardı, bu gün burada olmazdıq. Mən bura sponsor olaraq gəlmişəm. Bununla belə, yüzlərlə əlavə sponsor şirkətlər qapı döyürlər. Sağ olsunlar, fikrimizi, planımızı və layihəmizi, futbolun populyarlığının ölkəmizdə artdığını, azarkeş sayını nəzərə aldılar. Bunların hamısı təsirini göstərdi və gündən-günə çoxalacaq. Bir az zaman tanımaq lazımdır. Legioner limitinin ləğvi klub futboluna çox faydalıdır. Amma iki sahəni qaldıra bilmərik. Bu gün klub futbolu qalxmalıdır, o barədə isə 3-5 il sonra düşünülər.
- Akademiyanızdan danışdınız, amma "Sabahın ulduzları" turnirində iştirak etmirsiniz. Bu, nə ilə əlaqədardır?
- Turniri Bakı Futbol Federasiyası keçirir. Komandalarımız isə bölgədə məskunlaşıb. Üstəlik, yay aylarıdır, tətil vaxtıdır. İştirak etməməyimiz bununla əlaqədardır. Yarış ölkə miqyaslı olsaydı, yəqin ki, biz də iştirak edərdik.
- "Turan Tovuz"un adında həm də bir ideologiya dayanır. İdeologiya baxımından da hər hansı addım atmağı düşünürsünüz?
- Biz idman klubuyuq, ideologiya ilə işimiz ola bilməz. Çox sevimli dostumuzun belə bir fikri var idi: Tovuzda Amerikan futbolu komandası qurulsa və adı "Turan" olsa, azarkeşlər oyunlarına gələcək. Yəni, bölgəmizin belə bir xüsusiyyəti var. Lakin biz idman yönümlüyük, oyunlarımıza azarkeşlərimizin gəlmələrini, xoşbəxt olmalarını istəyirik. Əylənmək lazımdır. Ona görə də ideologiya sahəsinə girmirik. Sadəcə, ənənəmiz ondan ibarətdir ki, klub 35 il əvvəl "Turan" adı ilə yaranıb və bu adla da davam edir.
- Qarşıdakı mövsümdə klubunuzun "Turan" adlanma ehtimalı nə qədərdir?
- Ehtimal çox azdır. Ad dəyişdirmək məsələsini bir müddətlik təxirə saldıq. Ehtiyat edirik. Artıq suyu da üfürə-üfürə içirik (gülür - red.). Təki avrokuboklara yüksələk, ondan sonrasına baxarıq.
- UEFA-nın qadağası növbəti mövsüm də vəsiqə qazanacağınız halda, avrokuboklarda iştirakınıza problem yaratmayacaq?
- Xeyr, qadağa bir mövsümlükdür. Qərar isə yeni qəbul olunub. Əvvəlcədən belə bir qərar qəbul olunmamışdı.
- Azərbaycan futbolundakı problemlərdən danışdınız. Bilirik ki, ən böyük problem hakimlikdir. Keçən mövsüm siz də bu barədə çox danışmışdınız. Yeni mövsümdə bu sahədə dəyişiklik görəcəyimizə ümidiniz varmı?
- Bəli, ümidimiz var. Dəyişiklikləri hiss edirik. Ümidimiz olmasa, duruş gətirə bilmərik. Ümidsiz yaşamaq olmaz. Ən böyük istəyimiz avtomatik hakim təyinatlarının verilməsidir. Bunu AFFA-da müzakirələrimiz zamanı da səsləndiririk. Elə olmasın ki, bir hakim hər hansı komandanın oyununa 5 dəfə təyinat alsın, digərinə ümumiyyətlə göndərilməsin. AFFA-dan belə bir çalışmalarının olduğunu bizə bildirdilər. Ümidvaram ki, yaxın zamanlarda bu məsələni onlardan soruşacaqsınız. Belə olsa, rahatlamış olacağıq. Hakim təyinatlarını proqram açıqlamalıdır. Yaxşı hakim 5 dəfə mənim oyunuma gəlirsə, o biri komandaların günahı nədir? Zəifdirsə, eybi yox, 2 dəfə bizim oyunumuza düşsün, 2 dəfə də digər klubların. Bu istiqamətdə danışıqlarımız müsbət davam edir. Mən ümidliyəm. Açığı, nə isə hiss olunur.
- Əliyar Ağayev oyunlarınıza təyinat alsa, bunu necə qarşılayarsınız?
- Təyinatı məmnuniyyətlə qarşılayarıq. O da Azərbaycan Respublikasının hakimidir və Azərbaycan Respublikasının komandasının oyununa təyinat alacaq. Bizim üçün fərq etməz. Bilirsinizmi, hakim seçmək çox vacib məsələdir, amma bu, klubların ixtiyarında olmamalıdır. Bu mövzuda klublar diktə etməməlidir, bizim də elə bir diktəmiz yoxdur.
- Kurban Berdıyevlə yeni müqavilənin detallarını açıqlaya bilərsinizmi?
- Berdıyevlə müqavilə qarşıdakı iki il müddətinə yenilənib. Onunla davam etmək niyyətindəyik. Çünki sistem komandası qururuq. Hədəfimiz hər il 7-8 yox, 3-4 oyunçu dəyişdirməkdir. Düzdür, çox əlləşsək də, bunu həyata keçirə bilmirik. Çoxlu çətinliklərlə qarşılaşırıq. Hər il xeyli zədəlimiz olur, müəyyən sürprizlər ortaya çıxır. Amma bu il müəyyənləşdirdiyimiz tendensiyanı qorumağa çalışacağıq. İnkişafa mərhələli addımlarla nail olmağı düşünürük.
- 2026/2027 mövsümü üçün "Turan Tovuz" azarkeşlərinə müraciətiniz nədir?
- Müraciətim budur ki, hər zaman - təkcə yaxşı yox, çətin gündə də komandanın yanında olsunlar. Onlara arxayın olaraq və dəstəklərinə güvənərək bu yola çıxmışıq, bu yolda addımlayırıq. Yenə deyirəm: Məqsədimiz sonadək çempionluq yarışının içində olmaqdır. Azarkeş arxamızda olsa, buna nail olacağıq.














































































