Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının boks yarışları üçün təsnifat turnirlərinin mexanizmi və ev sahibi olacaq ölkələr müəyyənləşib.
Sportnet.az xəbər verir ki, dörddilliyin ən nüfuzlu yarışında ümumilikdə 248 boksçu rinqə çıxmaq hüququ qazanacaq.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) gender bərabərliyi prinsiplərinə tam riayət olunaraq kvotalar kişi və qadın idmançılar arasında bərabər şəkildə bölünüb. Kişilərin mübarizəsində 7 çəki dərəcəsi üzrə 124 lisenziya sahibini tapacaq. Eyni qayda ilə qadın boksçular da 7 çəki dərəcəsində məhz 124 kvota uğrunda yumruq vuracaqlar.
Qeyd edək ki, idmançılar arzuladıqları Olimpiya lisenziyalarını Qazaxıstan, Türkiyə, ABŞ, Çin, Samoa, Nigeriya, İtaliya və Macarıstanda keçiriləcək təsnifat turnirlərində əldə etməyə çalışacaqlar.
















































































