Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qadın güləşi üzrə mübarizəyə start veriləcək.
Sportnet.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 4 qadın güləşçisi tatamiyə çıxacaq.
Vəfa Orucova (43 kiloqram) Valia Harsan (Rumıniya), Nəzrin Əhmədli (49 kiloqram) Madina Bayramova (Almaniya), Qaratel Quliyeva (57 kiloqram) Delya Qisler (İsveçrə), Rəna Nuriyeva (65 kiloqram) isə Silviya Espinoza Muniz (Meksika) ilə qarşılaşacaq.
Bu gün, həmçinin Azərbaycanın yunan-Roma güləşçiləri medal uğrunda görüşlərə çıxacaqlar.
Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) qızıl, Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat qazanmaq üçün mübarizə aparacaqlar.
Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.













































































