Avropada bəzi ölkələrin FIFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payların özəl investorlara satılması planına etiraz olaraq turniri boykot edə biləcəyi barədə məlumat yayılıb.
Sportnet.az xəbər verir ki, jurnalist Rob Harris sosial şəbəkə hesabında Avropa ölkələrinin belə bir addımı müzakirə etdiyini yazıb. Məlumata görə, bu həftə UEFA-ya üzv ölkələrin iştirakı ilə məsələ ilə bağlı təcili iclasın keçirilməsi planlaşdırılır.
Belə bir vəziyyətdə AFFA-nın mövqeyi də maraq doğurur. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son illərdə FIFA ilə müxtəlif layihələr çərçivəsində sıx əməkdaşlıq edir.
Bundan başqa, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov hazırda FIFA-da milli komandalar departamentinin rəhbəri vəzifəsində çalışır. Bu amil də mümkün boykot qərarı fonunda Azərbaycan futbol qurumunun mövqeyini daha diqqətçəkən edir.
Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi U-20 dünya çempionatından sonra ölkəmizdə ilk dəfə U-15 dünya çempionatının və futbol festivalının keçirilməsi də planlaşdırılır.
Bu baxımdan, UEFA daxilində FIFA-ya qarşı hər hansı boykot qərarının qəbul ediləcəyi təqdirdə, AFFA-nın həmin məsələyə münasibəti və hansı mövqe tutacağı diqqətlə izləniləcək.
Qeyd edək ki, daha əvvəl FIFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payların özəl investorlara satılması ilə bağlı plan hazırladığı və bu təşəbbüsün ona şəxsən on milyonlarla funt-sterlinq qazanc gətirə biləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, danışıqlar ABŞ prezidenti Donald Trampa yaxın şəxslərlə aparılıb.
UEFA isə İnfantinonun planına sərt münasibət bildirərək futbolun ruhunun və idarəçiliyinin alınıb-satılan aktiv olmadığını açıqlayıb.













































































