“Sabah” komandası bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Finlandiyada KuPS-un qonağı olacaq.
“Kuopion Keskuskenttä" stadionunda keçiriləcək qarşılaşmanı İsraildən olan baş hakim Qal Leyboviç idarə edəcək.
İlk oyunda “Sabah” doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab görüşündə Azərbaycan təmsilçisi heç-heçə və ya qələbə ilə mərhələ adlaya bilər.
KuPS-un bir top fərqi ilə qələbəsi qarşılaşmanı əlavə vaxta daşıyacaq. Finlandiya klubunun ən azı iki top fərqli qələbəsi isə “Sabah”ın mübarizəni dayandırması ilə nəticələnəcək.
Cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələcək və ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edəcək.
Başqa sözlə, “Sabah” mərhələni keçəcəyi təqdirdə, III təsnifat mərhələsində “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi KuPS-a uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, KuPS – “Sabah” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq və “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab görüşü













































































