2028-ci il Avropa çempionatının ev sahibi ölkələri yarışa birbaşa vəsiqə qazanmayacaqlar.
Sportnet.az xəbər verir ki, İngiltərə, Şotlandiya, Uels və İrlandiyanın birgə təşkil edəcəyi AVRO-2028-də ev sahibi komandalar da seçmə mərhələsində iştirak edəcəklər.
UEFA-nın bu qərarı futbol dünyasında müzakirələrə səbəb olub. Çünki 2030-cu il dünya çempionatının əsas ev sahibləri olan İspaniya, Portuqaliya və Mərakeşlə yanaşı, yubiley tədbirləri çərçivəsində öz ərazilərində bir oyun keçirəcək Argentina, Uruqvay və Paraqvaya da turnirə birbaşa vəsiqə verilib.
Beləliklə, İngiltərə öz meydançasında keçiriləcək Avropa çempionatına düşmək üçün seçmə mərhələsində mübarizə aparmalı olacaq. Halbuki Argentina 2030-cu il dünya çempionatında cəmi bir oyun keçirməsinə görə artıq turnirdə iştirakını təmin edib.
UEFA-nın yeni seçmə sisteminə əsasən, 55 milli komanda 12 qrupa bölünəcək. Qrup qalibləri və ən yaxşı 8 ikinci yer sahibi olmaqla 20 komanda birbaşa AVRO-2028-in final mərhələsinə yüksələcək.
Ev sahibi ölkələr eyni seçmə qrupuna düşməyəcək. Bununla yanaşı, UEFA onların turnirdən kənarda qalmaması üçün xüsusi təminat mexanizmi yaradıb.
Seçmə mərhələsinin sonunda ev sahibi ölkələrdən ən azı ikisi vəsiqə qazana bilməsə, qalan dörd vəsiqədən ikisi məhz ev sahibləri üçün ayrılacaq. Əgər üç və ya dörd ev sahibi ölkə seçmə mərhələsini keçə bilməsə, həmin iki vəsiqə onların arasında ən yaxşı nəticə göstərən komandalarına veriləcək.
Bu qaydalar İngiltərənin AVRO-2028-də iştirakını faktiki olaraq böyük ölçüdə təmin edir. Bununla belə, dünyanın ən güclü milli komandalarından biri hesab olunan İngiltərənin öz ölkəsində keçiriləcək Avropa çempionatına seçmə mərhələsindən keçməli olması diqqətçəkən məqam kimi qiymətləndirilir.
AVRO-2028-in oyunları İngiltərədə "Uembli", "Tottenhem Hotspur", "Etihad", yeni "Everton" stadionu, "Sent-Ceyms Park" və "Villa Park" stadionlarında, həmçinin digər ev sahibi ölkələrdə keçiriləcək.











































































