"Neftçi"nin kapitanı Emin Mahmudov komandasının Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" klubuna 2:4 hesabı ilə uduzduğu görüşün gedişində konsentrasiyanı itirdiyini bildirib.
Sportent.az xəbər verir ki, bu barədə jurnlaistlərə açıqlama verən təcrübəli futbolçu görüşə yaxşı başladıqlarını, lakin sonradan oyunun tamamilə dəyişdiyini deyib:
“Artıq neçənci dəfədir ki, belə vəziyyətlə üzləşirik. Oyuna yaxşı başlayırıq, amma sonradan arxayınlaşırıq və oyunu əldən veririk. Azarkeşlərimiz möhtəşəm dəstək göstərdilər, biz isə onları məyus etdik. Buna görə onlardan üzr istəyirəm.”
O, komandanın cavab qarşılaşmasına inamla hazırlaşacağını vurğulayıb:
“İkinci oyunda da kifayət qədər qol epizodlarımız oldu. Həmin şanslardan yararlana bilsəydik, nəticə fərqli ola bilərdi. Hələ heç nə bitməyib. Qarşıda ikinci görüş var və inanıram ki, vəziyyəti xeyrimizə dəyişə bilərik.”
Mahmudov uğursuzluğun əsas səbəblərindən birinin arxayınlıq olduğunu qeyd edib:
“Düşünürəm ki, 2:0 hesabından sonra həddindən artıq rahat oynamağa başladıq. Elə bildik ki, oyun artıq həll olunub. Halbuki futbol buna imkan vermir. İndi əsas diqqətimizi ikinci matça yönəltməli və səhvlərimizi aradan qaldırmalıyıq.”
33 yaşlı futbolçu cavab görüşündə uğur qazanmaq üçün müdafiədə daha diqqətli çıxış etməyin vacibliyini bildirib:
“İlk növbədə müdafiədə daha konsentrasiyalı olmalıyıq. Bundan başqa, yaratdığımız qol imkanlarını da dəyərləndirməliyik. Rəqib geri dönüş etdi, onları təbrik edirəm. Amma bizim ruhdan düşməyə haqqımız yoxdur. Azarkeşlərimiz qarşısında borcumuz var və bunu meydanda qaytarmalıyıq.”
Kapitan komandanın öz gücünə inandığını da vurğulayıb:
“Azarkeşlərimizin bizə inamı var. Biz də bu etimadı meydanda doğrultmağa çalışacağıq.”
Mahmudov oyun zamanı azarkeşlər arasında yaşanan narazılığa da münasibət bildirib:
“Oyunun gedişində emosiyalar olur. Düşünürəm ki, ciddi problem yoxdur və hər şey qaydasına düşəcək.”
Təcrübəli futbolçu müdafiədə buraxılan səhvlərlə bağlı isə konkret səbəb göstərməyib:
“Yeni futbolçuların bununla bağlı təsiri olub-olmadığını deyə bilmərəm. Məncə, əsas problem arxayınlaşmağımız idi. 2:0 hesabından sonra oyunun eyni şəkildə davam edəcəyini düşündük və bunun nəticəsini gördük.”
Mahmudov komandanın iki topluq üstünlük qazandıqdan sonra çətinlik yaşamasına da toxunub:
“Əsas problem odur ki, 2:0 hesabından sonra üçüncü və dördüncü qolu vura bilmirik. Bu da rəqibə oyuna qayıtmaq imkanı yaradır. Ümid edirəm ki, bu problemi də aradan qaldıracağıq.”







































































