UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Belarusun “Dinamo” (Minsk) komandasının baş məşqçisi Aleksandr Şaqoyko qarşıdakı oyunun çətin keçəcəyini bildirib.
Sportnet.az xəbər verir ki, mütəxəssis oyunöncəsi mətbuat konfransında Bakı təmsilçisini güclü rəqib kimi dəyərləndirib.
“Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq. “Neftçi” həqiqətən yaxşı və güclü komandadır. Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq və yaxşı hazırlaşmışıq. Cütün taleyi iki oyunda həll olunacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. “Neftçi”nin səviyyəsi yüksəkdir”, – deyə baş məşqçi bildirib.
Belaruslu mütəxəssis “Neftçi”nin güclü heyətə və təcrübəli baş məşqçiyə malik olduğunu vurğulayıb: “Kombinasiyalı futbol sərgiləyirlər. Bir sözlə, “Neftçi” barədə təəssüratlarım yüksəkdir”.
A.Şaqoyko komandaların şanslarını bərabər qiymətləndirib: “Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Bizim məqsədimiz növbəti mərhələyə yüksəlməkdir və bunun üçün əlimizdən gələni edəcəyik”.
Baş məşqçi həmçinin Belarus klublarının avrokubok matçlarını doğma meydanda keçirə bilməməsinin komandaya müəyyən çətinliklər yaratdığını qeyd edib. O, öz azarkeşləri qarşısında oynamağın üstünlük olduğunu vurğulayaraq, hazırkı vəziyyətin daha çox səfər etmələrinə səbəb olduğunu və bunun hazırlıq prosesinə təsirsiz ötüşmədiyini söyləyib.











































































