"Öz oyunçularımı, azarkeşlərimizi Çempionlar Liqasında ilk qələbə münasibətilə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə Uels təmsilçisi TNS-ə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, oyun çətin alının: "Biz bunu bilirdik və oyunçularıma da bildirmişdim ki, səbirli olmalıyıq. Cavab görüşü süni örtüklü meydançada keçiriləcək. Daha diqqətli olmalı və fokuslanmalıyıq. Oyunun sonlarında azlıqda qaldıq, Stiv Solvet qırmızı vərəqə aldı. Təkrar qarşılaşmada rəqib 2 topluq fərqi aradan qaldırmaq üçün irəli atılacaq. Bu zaman çalışacağıq ki, onların verdikləri boşluqlardan yararlanaq".
49 yaşlı baş məşqçi ilk yarıdan sonra heç nəyi dəyişmək istəmədiklərini, bunu daha yaxşı oynamaları ilə əlaqələndirib: "Biz boşluqlara şığıyan komanda olmaq istəyirdik. Birinci qol künc zərbəsindən vuruldu. İkinci qol isə tam istədiyimiz kimi - boşluqlardan açılmasından sonra qeydə alındı. İlk dəqiqələrdən dominantlıq edən tərəf biz idik. Hesab edirik ki, layiqli qələbə qazandıq".
Dambrauskasın fikrincə, Solvetin qırmızı vərəqə alması cavab görüşünü gedişinə nə dərəcədə təsir edəcəyini demək çətindir: "Bunu cavab görüşü göstərəcək. Stiv fantastik oyunçudur, ötən mövsüm də bir neçə oyunu buraxmışdı. Onu əvəzləyə biləcək iki oyunçumiz var. Onlar bu itkinin yerini doldurmalıdırlar".
Təcrübəli mütəxəssis daha çox qol vurmaq istədiklərini, amma 2:0-ın da yaxşı hesab olduğunu vurğulayıb: "İnanıram ki, cavab görüşündə daha çox qol vuracağıq. Çünki rəqib boşluqlar verəcək. Əlbəttə, 2:0 minimal hesablı qələbədən yaxşıdır".
Onun fikrincə, sıx müdafiə olunan komandalara qarşı oynamaq çox çətindir: "Bu cür oyunlarda ilk yarıda fərqlənməsək də, ikinci hissədə qollar vurulacaqdı. Buna əmin idim. Futbol elə bir oyundur ki, burada 1:0, 2:0 hesablarına daha çox rast gəlinir. İşimiz daha çox fürsətlər yaratmaqdır. Amma həmişə fürsətlərdən yararlanmaq olmur. Bununla belə, futbolçularımdan razıyam. Əvvəldən sonadək dominant tərəf biz idik. Üstəlik, bu, mövsümdə ilk rəsmi oyunumuz idi. İnanıram ki, get-gedə irəliləyişə nail olacağıq".
Dambrauskas "Solvetin cəzasını təxirə saldırmaq mümkündürmü" kimi atmacalı sualına gülümsünərək cavab verib: "Maraqlı sualdır. Bizim liderimiz Donald Tramp yox, İlham Əliyevdir. Hər bir lider öz işi ilə məşğul olmalıdır".
Baş məşqçi Akim Zedadkanın aqressiv çıxışına da münasibət bildirib: "Bu, futboldur, təmas oyunudur. Futbolda belə hallara rast gəlirik. Həddindən artıq çıxış etmək də, etməmək də yaxşı hal deyildir. Hətta şahmatda da Maqnus Karlsenin əsəblərinə hakim ola bilmədiyini görürük. Amma orada Zedadkada həddindən artıq aqressivlik görmədim. Hakim müdaxiləsindən sonra hər iki futbolçu oyunlarına davam etdilər".
Qeyd edək ki, cavab görüşü iyulun 14-də keçiriləcək.














































































