“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hazırlıq prosesi, transfer planları və hakimliklə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis hazırlıq prosesində müəyyən çətinliklərin olduğunu bildirib:
“Çox istərdim ki, düşündüklərimizi 90 dəqiqə ərzində tam şəkildə meydanda həyata keçirə bilək. Təəssüf ki, bunu hər zaman bacarmırıq. Oyunun davamlılığını qorumaq asan olmur.
Buradakı rəqiblər fərqlidir. Hər rəqibin oyun üslubuna uyğun olaraq taktiki dəyişikliklər etmək imkanımız var.
Hazırlıq prosesində bəzən müəyyən çatışmazlıqlar olur. Xüsusilə isti yay aylarında çətinlik çəkirik. Bu da komandanın dinamikasına mənfi təsir göstərir.
Bu il komandamızda xeyli dəyişiklik baş verib. Təbii ki, yeni formalaşan kollektivin tam hazır vəziyyətə gəlməsi üçün zamana ehtiyac var”.
Qurbanov hakimlik və VAR sistemi ilə bağlı da mövqeyini açıqlayıb:
“Hakimliyə nə qədər yeni elementlər əlavə olunursa, bir o qədər də problemlər yaranır. VAR-la bağlı son yeniliklərin tərəfdarı deyiləm. Düşünürəm ki, həmin dəyişikliklər olmasa, daha yaxşı olardı”.
Baş məşqçi transfer məsələsinə də toxunub:
“Hələlik transferlə bağlı dəqiq bir yenilik yoxdur. Hazırda iki futbolçu ilə danışıqlar aparırıq. Onları heyətimizə qata bilsək, bu, bizim üçün sevindirici olacaq”.










































































