UEFA-nın Apellyasiya Orqanı (AB) 2026/2027-ci illər mövsümünün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarında baş vermiş intizam pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iyulun 16-da keçirilmiş "Derri Siti" – MOİK (1:2) görüşündə Bolqarıstan təmsilçisinin azarkeşlərinin əşyalar atması, kütləvi iğtişaşlar törətməsi, stadiona ziyan vurması, irqçi və ayrı-seçkilik xarakterli davranış nümayiş etdirməsi, həmçinin klub əməkdaşlarından birinin etik davranış qaydalarını pozması təsdiqini tapıb.
Qərara əsasən, MOİK klubu əşyalar atılması, kütləvi iğtişaşlar və stadiona ziyan vurulmasına görə 30 min avro cərimələnib. Klubun azarkeşlərinə növbəti UEFA klub yarışının bir səfər oyunu üçün bilet satışı da qadağan edilib. Bundan başqa, klub 30 gün ərzində "Derri Siti" ilə əlaqə saxlayaraq azarkeşlərinin vurduğu ziyanın, o cümlədən zədələnmiş oturacaqların dəyərinin ödənilməsini təmin etməlidir.
Sofiya təmsilçisi irqçi və ayrı-seçkilik xarakterli davranışa görə əlavə 20 min avro cərimələnib. Klubun azarkeşlərinə daha bir səfər oyunu üçün bilet satışının qadağan edilməsi barədə qərar qəbul olunsa da, bu sanksının icrası iki il müddətinə şərti olaraq təxirə salınıb. Klub əməkdaşlarından birinin etik davranış qaydalarını pozmasına görə isə 5 min avro cərimə tətbiq edilib.
Həmin oyunla bağlı "Derri Siti" də cəzalandırılıb. Meydana azarkeş müdaxiləsi, əşyalar atılması və kütləvi iğtişaşlara görə İrlandiya klubu 20 min avro cərimə olunub. Eyni zamanda, komandanın növbəti UEFA klub yarışındakı ev oyununda stadionun Şimal tribunası qismən bağlanacaq. Lakin bu cəzanın icrası iki illik sınaq müddəti ərzində şərti hesab ediləcək. Oyun sahəsinin kifayət qədər qorunmaması ilə bağlı açılmış intizam işi isə bağlanıb.
Qeyd edək ki, MOIK "Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibidir.











































































