2026-cı il dünya çempionatının H qrupunda III turun oyunlarından sonra pley-offa yüksələn komandaların adına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, qrupun mərkəzi görüşündə İspaniya millisi Meksikanın Sapopan şəhərində yerləşən "Akron" stadionunda Uruqvayla üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 42-ci dəqiqədə Aleks Baenanın vurduğu yeganə qol həll edib.
Beləliklə, "Furiya Roxa" 1:0 hesablı qələbə qazanaraq qrupu 7 xalla lider kimi başa vurub.
Oyunun ilk hissəsinin sonlarında Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte zədələnərək meydanı xərəkdə tərk edib. Fasilədə isə, buraxılan qolda səhvə yol verən qapıçı Fernando Muslera əvəzlənib.
Qrupun digər matçında Kabo-Verde ilə Səudiyyə Ərəbistanı ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda qolsuz heç-heçəyə razılaşıb. Tərəflər 90 dəqiqə ərzində hesabı aça bilməyiblər.
Bu nəticə Kabo-Verde üçün kifayət edib. Afrika təmsilçisi 3 xalla ikinci yeri tutaraq 1/16 finala yüksəlib. 2 xal toplayan Uruqvay üçüncü, eyni xala malik Səudiyyə Ərəbistanı isə top fərqinə görə sonuncu pillədə qərarlaşıb və mundialla vidalaşıb.
Beləliklə, H qrupundan İspaniya və Kabo-Verde pley-off mərhələsinə vəsiqə qazanıblar.














































































