2026-cı il dünya çempionatına hazırlıq məqsədilə keçirilməsi planlaşdırılan Konqo Demokratik Respublikası - Çili yoldaşlıq oyunu ləğv olunub.
Sportnet.az xəbər verir ki, buna səbəb Afrika ölkəsində Ebola virusunun yayılması ilə bağlı yaranan sağlamlıq təhlükəsi olub.
İspaniyanın La Linea de la Konsepsyon şəhərində keçirilməsi nəzərdə tutulan qarşılaşma iyunun 9-na planlaşdırılmışdı. Lakin şəhərin meri Xuan Franko regional səhiyyə qurumlarının tövsiyələrini nəzərə alaraq matçın təxirə salındığını açıqlayıb.
Yerli səhiyyə departamentinin hesabatında oyunun keçirilməsinin mümkün sağlamlıq riskləri yarada biləcəyi vurğulanıb.
Məlumata görə, Konqo Demokratik Respublikası millisi hazırda Belçikadadır. Komandanın Kinşasada keçirməyi planlaşdırdığı təlim-məşq toplanışı da daha əvvəl ləğv edilib. Bildirilir ki, xarici klublarda çıxış edən futbolçular son vaxtlar ölkəyə səfər etməsələr də, texniki heyətin bəzi üzvləri və azarkeşlər Konqodan gəldiyi üçün risk səviyyəsi yüksək qiymətləndirilib.
Qeyd edək ki, ABŞ da Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudanda son 21 gün ərzində olmuş əcnəbilərin ölkəyə girişinə məhdudiyyət tətbiq edib.


















































































