Adamı şoka salan qərardır. Bunu edən isə başqaları yox, I kateqoriyalı FIFA referisi Əliyar Ağayevdir.
Günün gündüz çağında AFFA rəhbərliyi - Rövşən Nəcəf və Cahangir Fərəcullayev növbə ilə hakimlikdəki uğurlardan ağızdolusu danışırlar, hava qaralmağa doğru isə ən üzdə olan baş hakim hoqqa verir.
Verdiyi açıqlamalarda Ehtiram Quliyev pafoslu təsir bağışlayır, ətrafındakı bəzi insanlar onu hansısa sərt fikir səsləndirməyə sövq edə bilərlər. Yəqin ki, "suyu oturaraq içmək" ifadəsi də bu qəbildəndir. Necə deyərlər, qaş vuran yerdə gözünü də çıxarıb...
Amma inanın, bu cür haqsızlıqla üzləşən istənilən klub rəhbərinin 2 yolu var: Ya belə formada sərt danışmaq, ya da susub səbrini içinin dərinliklərinə basmaq.
İndiki halda isə epizod o qədər aydın görünür ki, səbirli olmaq mümkün deyil. Hətta özüm belə, bu qeydləri sabaha saxlaya bilmədim!
"Zirə"nin futbolçusu "Turan"ın oyunçusunun ayağından elə möhkəm basır ki, ayaqqabısının izi xəttin, əhəngin üstündə qalır. Buna nə "ayağı tapdalamadı" demək mümkündür, nə də qayda pozuntusunun xətdən kənarda olduğunu iddia etmək!
AFFA-nın prezidenti Rövşən Nəcəf ötən gün özəl sektoru futbola təşviq etməkdən danışırdı. Bu cür haqsızlığı görən hansı iş adamı futbola sərmayə qoyar?
Hazırda Azərbaycan futbolunda heç bir dövlət qurumuna bağlı olmadan şəxsi vəsaitini xərcləyən klub rəhbəri yalnız Ehtiram Quliyevdir. Onu da hakimlərin əli ilə futboldan diksindirmək AFFA-ya bu qədərmi lazımdır?
"Neftçi" ötən aylarda hakimlərlə bağlı bəyanat verəndə AFFA da bəyanatla çıxış edib klubu "institusional dialoq"a dəvət etdi. Amma "Turan Tovuz" ötən mövsüm bəyanat yayanda milli assosiasiya Qərb klubunun belinə 20-30 minlik cərimə yapışdırmışdı.
Görəsən, İntizam Komitəsi indi hansı addımı atacaq: "İnstitusional dialoq", yoxsa "suyu oturub içmək" sözündən yapışıb dini ayrıseçkiliyə görə cərimə?