Xaricdən iki klubdan təklif almışdım. Lakin müəyyən səbəblərə görə həmin variantlar baş tutmadı. Təkliflər arasında mənim üçün ən uyğun seçim “Araz-Naxçıvan” oldu.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Zirə”dən ayrılaraq “Araz-Naxçıvan”a keçən yarımmüdafiəçi Rövlan Muradov deyib.
Futbolçu transfer qərarından məmnun olduğunu bildirib: “Klub rəhbərliyindən zəng gəldi, danışdıq. Fikirlərimiz üst-üstə düşdü və qısa zamanda razılığa gəldik. “Araz-Naxçıvan”a keçdiyim üçün çox sevincliyəm”.
Rövlan Muradov “Zirə”dən ayrılmasının səbəbinə də aydınlıq gətirib: “Əsas səbəb oyun praktikasının az olması idi. Rəşad Sadıqovla da bu barədə söhbətimiz oldu. O, mənə yeni klub axtarmaq və danışıqlar aparmaq üçün şərait yaratdı. Buna görə ona təşəkkür edirəm”.
Yarımmüdafiəçi yeni komandadakı hədəflərindən də danışıb: “Məqsədimiz hər oyunda maksimum nəticə göstərmək və qələbə qazanmaqdır. İstəyirik ki, “Araz-Naxçıvan”ın adını daha yüksək pillələrə daşıyaq. Transferimdə Cavid Hüseynovun da böyük rolu oldu. İnanıram ki, birlikdə uğurlu işlər görəcəyik”.
Qeyd edək ki, R.Muradov muxtar respublika təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.











































































