Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında növbəti rekorduna bir addım da yaxınlaşıb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı futbolçu I qrupunun ilk tur matçında Seneqalın qapısından iki top keçirib.
O, 66-cı və 90+5-ci dəqiqələrdə fərqlənib. Oyun Fransa millisinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Beləliklə, Mbappe dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayını 14-ə çatdırıb. Təcrübəli forvard bu göstəriciyə cəmi 15 oyunda nail olub.
Turnirin bombardirlər siyahısında lider olan Almaniya millisinin sabiq hücumçusu Miroslav Klose isə 24 matçda 16 qol vurub.
Bununla belə, Fransa millisinin forvardı dünya çempionatları tarixində vurulan qolların sayına görə Argentina yığmasının kapitanı Lionel Messini qabaqlayıb. Messinin hesabında dünya çempionatlarının final mərhələsində keçirdiyi 26 oyunda 13 qol var.
Digər tərəfdən, Mbappe yığmadakı 99-cu oyununda 57-ci və 58-ci qollarını vurub. Bununla da o, milli komandadakı qol sayına görə 137 matçda 57 qol vurmuş Olivye Jirunu geridə qoyub.
Qeyd edək ki, qrupun ikinci turunda Fransa İraqla (23 iyun), üçüncü turda isə Norveçlə (26 iyun) qarşılaşacaq. Seneqal isə növbəti oyunlarını Norveç (23 iyun) və İraqa (26 iyun) qarşı keçirəcək.




















































































