Qarşılaşmada uğur qazanmaq üçün taktiki hazırlıq və futbolçuların öz gücünə inamı əsas amillərdən olacaq.
Sportnet.az xəbər verir ki, bu sözləri MOİK klubunun və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mixov keçmiş komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.
"Ən vacib məqam taktiki yetkinlik və strategiyadır. Məşqçilərin futbolçuları necə meydançaya düzəcəyi həlledici rol oynayacaq. MOİK-in kifayət qədər yaxşı futbolçuları var. Xristo Yanevə məsləhət vermək istəmirəm. Futbolçular başlarını dik tutmalı, özlərinə inanmalıdırlar. MOİK böyük klubdur və bunu hiss etməlidirlər", – deyə Mixov bildirib.
Sabiq klub rəhbərinin sözlərinə görə, MOİK formasını geyinmək futbolçular üçün böyük məsuliyyətdir: "Onlar klubun embleminin dəyərini, pulla ölçülməyən tarixini və ənənəsini dərk etməlidirlər. MOİK-də oynayan hər kəsin dəyəri dəfələrlə artıb. Bu komandada ürəklə oynamaq vacibdir, amma eyni zamanda ağıllı futbol da nümayiş etdirmək lazımdır".
Funksioner "Qarabağ"ın güclü rəqib olduğunu etiraf etsə də, ilk oyunda Sofiya təmsilçisinin rəqibindən üstün təsir bağışladığını qeyd edib: "Qarabağ' yaxşı komandadır. Ancaq mənim fikrimcə, Bakıdakı oyunda MOİK rəqibini üstələmişdi. Həmin oyunu təkrarlamalı və ən azı bir-iki qol vurmalıyıq. Emosiyalar bəzən futbolçunun düşməninə çevrilir. Həm meydandan kənarda, həm də oyunda xarakter göstərmək lazımdır. Biz MOİK-ik və heç kimdən qorxmuruq".
V.Mixov komandasını qələbə əzmi ilə meydana çıxmağa çağırıb: "Futbolçular ayaqlarını yerdən üzməməli, barışmaz mübarizə aparmalı və özlərinə inanmalıdırlar. Rəqibi özünəinamımızla üstələməliyik. Biz ənənələri olan böyük klubuq. Müdafiədə geriyə oynamaq yox, yalnız irəli düşünmək lazımdır. Cümə axşamı qələbə qazanmaq bizim üçün mütləqdir".
Qeyd edək ki, bu gün Sofiyadakı “Vasil Levski” adına Milli Stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.












































































