Azərbaycan çempionu "Sabah"dan İsveçrənin "Bazel" klubuna transfer olunan Aaron Maluda yeni komandası barədə ilk fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 20 yaşlı cinah oyunçusu İsveçrə təmsilçisinin rəsmi saytına açıqlamasında seçimindən məmnun olduğunu bildirib.
"Bazel" köklü tarixə, böyük azarkeş ordusuna və yüksək hədəflərə malik klub kimi tanıyıram. Klubun ambisiyaları mənim şəxsi məqsədlərimlə tam üst-üstə düşür. Baş məşqçi və idman rəhbərliyi ilə çox məhsuldar görüşlərimiz oldu. Onlar mənə aydın inkişaf planı təqdim etdilər və ilk gündən məni komandada görmək istədiklərini hiss etdim. Bu münasibət məni çox təsirləndirdi və seçimimi asanlaşdırdı. Artıq səbirsizliklə "Bazel"in formasını geyinəcəyim günü gözləyirəm", – deyə Maluda vurğulayıb.
Qeyd edək ki, Fransa millisinin sabiq futbolçusu Floran Maludanın oğlu olan Aaron Maluda "Sabah"dan "Bazel"ə 4 illik müqavilə ilə transfer olunub. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.















































































