Türkiyə millisinin sabiq futbolçusu Cenk Tosun AZƏRTAC-ın suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, 35 yaşlı hücumçu Azərbaycan futbolu, klub karyerası və gələcək planları barədə danışıb.
– Daha əvvəl Azərbaycanda oynamaq istədiyinizi demişdiniz. Ölkəmizdən sizə hər hansı təklif olubmu?
– Azərbaycanı çox sevirəm və orada oynamaq mənim üçün maraqlı olardı. Amma indiyədək heç bir klubdan rəsmi təklif almamışam.
– Belə bir imkan yaransaydı, Azərbaycanda hansı klubun formasını geyinmək istərdiniz?
– Düzünü desəm, Azərbaycanda güclü komandalar var. "Qarabağ" uzun illərdir həm ölkə daxilində, həm də Avropada uğurlu çıxış edir. Baş məşqçisinin işi və klubun sistemi çox xoşuma gəlir. "Neftçi"nin idman direktoru Cenk Sümer yaxın dostumdur. "Sabah" da ötən mövsüm çox uğurlu çıxış etdi və çempion oldu. Ona görə konkret bir komandanın adını çəkmək mənim üçün çətindir.
– Yeri gəlmişkən, "Sabah" ötən mövsüm "Qarabağ"ı qabaqlayaraq Azərbaycan çempionu oldu. Bu barədə nə deyə bilərsiniz?
– "Sabah" həqiqətən çox uğurlu mövsüm keçirdi və çempionluğu tam haqq etdi. Onları təbrik edirəm. Düşünürəm ki, "Qarabağ" bu mövsüm diqqətini daha çox Avropa turnirlərinə yönəltmişdi. Həm daxili çempionatda, həm də Avropada eyni səviyyədə mübarizə aparmaq çox çətindir. Məncə, "Sabah" bundan maksimum yararlandı və yaranmış fürsəti düzgün qiymətləndirərək çempion olmağı bacardı.
– Son illər həm Türkiyə, həm də Azərbaycan futbolunda yaxşı hücumçular çox az yetişir. Sizcə, bunun əsas səbəbi nədir?
– Bunun bir neçə səbəbi var. İlk növbədə, aşağı yaş qruplarında hücumçuların inkişafına kifayət qədər diqqət ayrılmır. Gənc futbolçuların özlərini göstərməsi üçün lazımi qədər səbir nümayiş etdirilmir. Digər tərəfdən, əcnəbi hücumçularla rəqabət çox güclüdür. Məncə, məhəllə futbolunun əvvəlki kimi olmaması da öz təsirini göstərir. Bizim uşaqlığımız küçələrdə futbol oynamaqla keçib. Orada qazandığımız bacarıqlar futbolçu üçün çox vacibdir.
– Siz Türkiyə futbolunun ən tanınmış hücumçularından biri hesab olunursunuz. "Beşiktaş"da uğurlu çıxışdan sonra İngiltərəyə üz tutdunuz. Amma orada nə “Everton”da, nə də “Kristal Pelas”da karyeranız istədiyiniz kimi alındı...
– Düşünürəm ki, İngiltərədə uzun illər oynaya bilərdim. İlk vaxtlar hər şey yaxşı gedirdi. Təəssüf ki, ağır zədə aldım. Həmin zədə olmasaydı, Premyer Liqada uzun illər çıxış edərdim. Futbolda bəzən belə məqamlar karyeranın gedişatını dəyişir.
– Karyeranız ərzində vurduğunuz ən yaddaqalan qol hansıdır?
– Mənim üçün ən xüsusi qol UEFA Çempionlar Liqasında Portuqaliyanın "Benfika" klubunun qapısına qayçıvari zərbə ilə vurduğum qoldur. Həmin anı heç vaxt unutmaram.
– Artıq 35 yaşınız var. Karyeranızla bağlı qərar vermisiniz?
– Hazırda özümü yaxşı hiss edirəm, fiziki durumum yerindədir. Futbol oynamağa və qollar vurmağa davam etmək istəyirəm. Ümid edirəm ki, yaxın vaxtlarda karyeram üçün ən doğru klubla razılığa gələcəyəm.
– Türkiyə millisi dünya çempionatında mübarizəni qrup mərhələsində dayandırdı. Sizcə, komanda niyə irəli gedə bilmədi?
– Milli komanda haqqında mənfi fikir bildirmək istəmirəm. Orada mənim dostlarım, uzun illər birlikdə oynadığım futbolçular var. Onları tənqid etmək düzgün olmaz.









































































