"Qarabağ”ın yeni transferi Bruno Lanqa jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
– “Qarabağ”a transferiniz necə reallaşdı?
- Açığı, mənim üçün təəccüblü oldu. Çünki Hər şey çox tez baş verdi. Ümumiyyətlə, hamının arzusu böyük klublarda oynamaqdır. "Qarabağ" da məhz belə komandalardan biridir. Ona görə də qərar verərkən çox düşünmədim. Artıq bura gəlmişəm və öz işimlə, oyunumla bu etimadın qarşılığını verməyə çalışmalıyam.
- Başqa təklifləriniz var idi?
- Əslində transfer pəncərəsi açılan kimi bir yox, bir neçə təklif olur. Amma "Qarabağ" təklif ünvanlayanların daha önündə qərarlaşmışdı. Mənə maraq göstərənlər arasında sanki daha istəklisi Azərbaycan təmsilçisi idi. Ona görə də seçimimi "Qarabağ"dan yana etdim.
- Azərbaycan çempionatı barədə məlumatlı idiniz?
- Təbii ki, maraqlandım. Juninyo komanda yoldaşım olub. Onunla 3 ilədək birlikdə oynamışıq. Hətta "Qarabağ"a gəldiyi vaxt daim əlaqədə idik, danışırdıq. Mənə bu klub haqqında məlumat verirdi. Təbii ki, mənim də "Qarabağ"a gəlmə fürsətim yarandıqda ilk danışdığım şəxslərdən biri Juninyo oldu. O isə mənə "Gözübağlı gedə bilərsən" dedi. Həm də Azərbaycan çempionatı barədə məlumat verdi.
- "Qarabağ"a keçdiyinizə dair xəbəri məşhur insayder Fabritsio Romano paylaşmışdı. Bu, sizin üçün sürpriz olmadı?
- Onunla heç bir tanışlığım yoxdur. Təbii ki, bu, jurnalistin işidir. Lakin Romano ikinci dəfədir belə paylaşım edir. İlk dəfə o, mənim İspaniya "Almeriya"sına keçidimi açıqlamışdı. Bu, həmin kluba transferimdən öncə paylaşılmışdı. Amma "Qarabağ"a keçdiyimi yazdığı vaxt artıq burada idim. Bir az gecikdi (gülür - red.)










































































