"Barselona"nın hücumçusu Ferran Torres karyerasını Fransada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, PSJ ispaniyalı forvardı transfer etmək istəyir. Bu barədə məlumatı tanınmış jurnalist Canluka Di Marsio yayıb.
Paris klubu Torresi komandadan ayrılacağı gözlənilən Bredli Barkolun əvəzedicisi kimi nəzərdən keçirir. Fransa nəhənginin baş məşqçisi Luis Enrike 26 yaşlı futbolçunun oyun keyfiyyətlərinə yaxından bələddir, çünki onunla İspaniya millisində birlikdə çalışıb.
Qeyd edək ki, ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyuna çıxan hücumçu 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.


















































































