Qətərin “Əl-Xaraitiyat” klubunun yeni transferi Presnel Kimpembe Qəbələdəki hazırlıq prosesi barədə danışıb.
Sportnet.az xəbər verir ki, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş məşhur mərkəz müdafiəçisi "Qəbələ"nin mətbuat xidmətinə açıqlamasında gördüklərindən razılığını bildirib.
"Hazırlıq yaxşı gedir, Komanda təlim-məşq toplanışındadır. Məşq meydançaları çox yaxşıdır", - deyən 31 yaşlı oyunçu Azərbaycana ilk dəfə etdiyi səfər təəssüratlarını bölüşüb: "Əvvəllər burada heç olmamışdım. İlk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında məlumatım yox idi".
Fransa PSJ-sinin heyətində Çempionlar Liqasını qazanmış və bir dəfə final oynamış təcrübəli müdafiəçi yaradılan şəraitin onları qane etdiyini bildirib: "Burada hər yer bir-birinə yaxındır. Oteldən məşqə gəlməyə sadəcə 1 dəqiqə vaxrımız gedir. Bundan həzz ala və rahat məşq edə bilirik. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə yaxşı işlər görə bilərəm".
Fransa millisinin heyətində 28 oyun keçirmiş futbolçu tezliklə formasını bərpa edəcəyinə inanır: "Əvvəlki formama qayıdacağıma inanıram. Əks halda, dayanardım. Komandamıza və heyətimizə güvənirəm. Hər kəs mənə yardım etməyə çalışır. Bunun qarşılığını verməyə çalışıram".
Qeyd edək ki, son illərdə Azərbaycanın, eləcə də bəzi xari ölkələrin klubları hazırlıq üçün Qəbələni seçirlər. Bu yay “Qəbələ" ilə yanaşı, “Şamaxı”, “İmişli”, “Sumqayıt” və Qətərin “Əl Xaraityat” klubları təlim-məşq toplanışını burada keçiblər.













































































