“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.
İdman Klubundan Sportnet.az-a verilən məlumata görə, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb.
Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə "NEFTÇİ" İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi — "1937" rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır.
Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.








































































