Bosniya və Herseqovina yığması 2026-cı il dünya çempionatında qrupunu üçüncü pillədə başa vursa da, vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqəni təmin edib.
Sportnet.az xəbər verir ki, qrup mərhələsinin son turunda A, B və C qruplarında keçirilən oyunlardan sonra Balkan təmsilçisinin pley-offa yüksəlməsi rəsmiləşib.
B qrupunda 4 xal və mənfi 1 top fərqi ilə üçüncü yeri tutan Bosniya və Herseqovina artıq riyazi olaraq ən yaxşı üçüncü yerlər arasında ilk səkkizlikdən kənarda qala bilməz.
Bosniya və Herseqovinadan aşağıda Şotlandiya və Cənubi Koreya yığmaları (hərəsi 3 xal) qərarlaşıb. Həmçinin, I qrupunda Seneqal və İraq, J qrupunda Avstriya və Əlcəzair, D qrupunda isə Avstraliya və Paraqvay cütlərindən ən azı bir komanda Bosniya və Herseqovinanı geridə qoya bilməyəcək.
Beləliklə, Bosniya və Herseqovina üçüncü yerlərin reytinqində minimum 7-ci sıranı təmin edərək mundialın pley-off mərhələsinə yüksələn komandalar sırasına adını yazdırıb.
Bu isə "Qarabağ"ın yeni transferi - Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçin klubun düşərgəsinə qoşulmasının bir qədər də ləngiyəcəyi anlamına gəlir. Bu kollektiv 1/16 final matçını ya iyunun 29-da Almaniyaya, ya da iyulun 1-də ABŞ-yə qarşı keçirəcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının yeni formatına əsasən, qruplarda ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü pilləni tutan ən yaxşı səkkiz yığma da 1/8 final mərhələsinə vəsiqə əldə edir.











































































