Tailandda futbol matçı zamanı ildırım vurması nəticəsində 24 yaşlı futbolçu Sofvan Ave həyatını itirib.
Sportnet.az xəbər verir ki, hadisə avqustun 4-də ölkənin cənubunda yerləşən Narathivat əyalətində baş verib. İldırım çaxması nəticəsində daha 9 futbolçu müxtəlif dərəcəli xəsarət alıb.
Qarşılaşma zamanı ildırımın meydana düşməsindən sonra bir neçə oyunçu qazona yıxılıb. Komanda yoldaşları Sofvan Aveyə hadisə yerində ilkin tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan səkkiz tailandlı futbolçu xəstəxanaya çatdırılıb. Yaralanan Malayziya vətəndaşı olan futbolçu isə müalicəsini davam etdirmək üçün öz ölkəsinə göndərilib.















































































