"Turan"ın idman strukturlarında rəhbər vəzifə tutan Həsən Zeynalov klubun gələcək planları, yeni sponsorluq müqavilələri, futbol və voleybol komandalarının büdcəsi, eləcə də sosial şəbəkələrdə gündəm olan görüntüləri barədə ətraflı açıqlamalar verib.
Sportnet.az xəbər verir ki, Həsən Zeynalov ilk olaraq komandaya cəlb olunan yeni sponsor məsələsinə toxunub. O, bu təşəbbüsün şəxsən özünə məxsus olduğunu bildirib:
"Mənim bu vəzifəyə təyin olunmağımdan sonra
sponsorlarımızla danışıqlar aparmaq təklifini verdim. Bildiyiniz kimi, "Qlux Group" Azərbaycan şirkəti deyil, Türkiyə şirkətidir. Mən təklif etdim, onlar da bunu qəbul etdilər. Bu məsələdə müəyyən rolumun olduğunu deyə bilərəm".
H.Zeynalov Ehtiram Quliyevin rəhbərlik etdiyi futbol komandası ilə voleybol klubunun sponsorluq məbləğlərini müqayisə edərək, voleybol klubuna ayrılan məbləğin də futbolla aşağı-yuxarı eyni səviyyədə olduğunu vurğulayıb.
Klub rəsmisi gələcək planlardan danışarkən bildirib ki, əsas məqsəd "Turan"ı təkcə futbol və ya voleybol klubu kimi deyil, bir neçə idman növünü birləşdirən böyük bir idman klubuna çevirməkdir:
"Əslində Ehtiram müəllimin də, bizim də, sponsorların da ortaq fikri odur ki, təkcə "Turan" futbol və ya voleybol klubu yox, vahid "Turan" İdman Klubu formalaşsın. Bu klubun tərkibində basketbol, voleybol, güləş və digər bütün idman növləri üzrə komandalarımız iştirak etməlidir. Artıq bu mərhələyə addım atmışıq və inşallah, bundan sonra digər pillələri də geridə qoyacağıq".
Futbola diqqət ayrılmasının voleybol komandasına mənfi təsir edəcəyi ilə bağlı iddiaları qətiyyətlə təkzib edən Zeynalov, hər iki növə eyni dərəcədə önəm verildiyini bildirib:
"Bu, heç bir halda ola bilməz. Əksinə, bizim voleybolda qazandığımız uğurlar bizi futbola gətirib. Ona görə də hər ikisini eyni səviyyədə tuturuq".
Həsən Zeynalov voleyboldakı uğuru futbolda təkrarlamağın daha çətin olduğunu səmimi şəkildə etiraf edib:
"Təbii ki, voleybolda əldə etdiyimiz uğuru futbolda qazanmaq çox çətindir. Bunu biz də, sponsorlar da yaxşı anlayırıq. Lakin boş dayanmaq niyyətində deyilik, işlər davam edir. Şəxsən mənim arzumdur ki, futboldakı sonluğumuz voleybolda qazandığımız uğurun top-topu 5-6 faiz aşağısı olsun".
Çempionatdan sonra salona düşərək çempionluğu emosional şəkildə qeyd etməsi və bu görüntülərin sosial şəbəkələrdə geniş müzakirə olunaraq böyük rəğbətlə qarşılanmasına da toxunan H.Zeynalov, həmin anlarda çəkilişdən xəbərsiz olduğunu deyib:
"Açığı, həmin görüntülərin çəkilməyindən heç bir xəbərim olmayıb, mənə sonradan bəlli oldu. Orada gizli çəkiliş getdiyini bilmirdim. Əgər bilsəydim ki, çəkiliş var və bu video sosial şəbəkələrdə viral olacaq, təbii ki, o qədər emosional ola bilməzdim".
Sonda Tovuz təmsilçisinin azarkeşlərinə müraciət edən klub rəsmisi, özünün də azarkeş sektorundan gəldiyini xüsusi vurğulayıb və səbirli olmağa çağırıb:
"Mən özüm də "Turan" azarkeşiyəm və o azarkeşlərin içindən çıxmışam. Vaxtilə onlarla bir yerdə azarkeşlər üçün ayrılan sektorda əyləşib "Turan"a azarkeşlik eləmişəm, bu sirr deyil. Azarkeşlərimizdən xahiş edirəm ki, inansınlar və güvənsinlər, hər şey yaxşı olacaq.
Bəzi məsələlər kənardan çox rahat görünür, amma işin içinə girdikdə ağla gəlməyən çətinliklərlə qarşılaşırsan. Bunu şəxsən öz təcrübəmdən deyirəm. Sadəcə dəstək olmaq və klubumuzu sevmək lazımdır. Tovuz idman şəhəridir, "Turan" da ən böyük idman klublarından biridir. İnşallah, ölkənin ən böyük idman klubu olarıq, bunun üçün əlimizdən gələni edəcəyik".













































































