Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Liqa 1 kollektivi Almaniya "Borussiya"sının (Mönxenqladbax) və ABŞ milli komandasının hücumameylli yarımmüdafiəçisi Ciovanni Reynanı transfer edib.
23 yaşlı oyunçu yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqaviləyə imza atıb.
Qeyd edək ki, "Strasburq" klubu London "Çelsi"sinin də sahibi olan "BlueCo" konsorsiumuna məxsusdur.
Məlumata görə, bu keçid Fransa klubuna 3 milyon avroya başa gəlib.
Xatırladaq ki, C.Reyna 2020–2025-ci illərdə Dortmund "Borussiya"sının şərəfini qoruyub və bu müddətdə icarə əsasında İngiltərənin "Nottingem Forest" klubunda da çıxış edib. O, ötən mövsüm Mönxenqladbax komandasının heyətində Bundesliqada 19 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi ABŞ millisinin heyətində DÇ-2026-da keçirdiyi 5 matçda 1 dəfə fərqlənib.















































































