Amma sonradan onun emosional reaksiyası Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan qovulmasına yaradı. Bu qərar AFFA-nın portuqaliyalı mütəxəssisə 4 milyon manatadək təzminat ödəməsi bahasına başa gəlsə belə...
Fərəcullayevin emosionallığı yəqin ki, millinin oyununa da təsir edəcək. Əvvəlki AFFA-nın vaxtında çatışmayan xüsusiyyətlərdən biri futbolçular və milli komanda qarşısında məhz bu cür sərt, tələbkar rəhbər şəxsin olmaması idi. Qalstuk taxıb gəzməklə ölkənin bir nömrəli futbol komandasını idarə etmək olmaz. Gərək onları silkələyən, lazım gəlsə, hədələyən şəxs də olsun.
Təsəvvür edin ki, milli Allahın Lüksemburquna uduzub. Bu komandaya kim irad bildirəsi idi? Elxan Məmmədov, yoxsa Sərxan Hacıyev?
Amma bir də var ki, Cahangir Fərəcullayev çıxır millinin qarşısına və eyni tərzdə "Sizin hamınızı qovacağam, sizi sıfırdan dəyişəcəyəm", yaxud da Hafiz Hacıyevin sözü olmasın, "Sizə qan udduracağam" deyir.
Bunlar zarafat deyil, əsl həqiqətdə deyilməli sözlərdir. Çünki artıq hamının etiraf etdiyi kimi, milli komandada lider yoxdur. Belə bir halda lazım gəlsə, Emin Mahmudovun yerinə də danışmaq lazımdır.
İndi təsəvvür edin ki, Fərəcullayev kimi bir şəxs bunları deyir. Bundan sonra milli necə oynamaya bilər?
AFFA-nın baş katibinin daha bir emosional reaksiyasını isə yenicə müşahidə etmişik. Qadınlardan ibarət milli komanda üzvlərinin adlarının AFFA-nın rəsmi saytında fotosuz yerləşdirildiyi barədə tənqidi paylaşımımızdan (https://www.facebook.com/photo/?fbid=34564764089804447&set=pcb.34564765169804339) və yazımızdan heç bir saat keçməmiş həmin futbolçuların fotoları müvafiq qaydada yerləşdirilib. Bu prosesi şəxsən əməkdaşımız müşahidə edərək, futbolçuların şəkilləri adları yazılan dairələrə yerləşdirildiyi zaman fotosunu çəkib.
Doğrudan da AFFA-nın yeni rəhbərliyinin ən çox bəyəndiyim xüsusiyyəti tənqidlərdən nəticə çıxarma qabiliyyətidir. Baxmayaraq ki, bir çox hallarda tənqid olunası məqamlarda medianın susqun yanaşmasını da müşahidə edirik.
Amma son reaksiyadan da görünür ki, AFFA tənqidlərə qarşı həssasdır və bu da müəyyən mənada Fərəcullayevin adına yazılası müsbət faktordur.




















































































