Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 keçirilib.
Sportnet.az xəbər verir ki, yarış Azərbaycan qolf tarixində mühüm hadisə kimi yadda qalıb. Belə ki, bu turnir yalnız Azərbaycan qolfçularının iştirakı ilə təşkil olunan ilk rəsmi ölkədaxili qolf çempionatı və ölkə birinciliyi kimi tarixə düşüb.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, yarışın ölkədə qolf idman növünün inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak ediblər. İdmançılar yüksək peşəkarlıq nümayiş etdirərək fair-play prinsiplərinə sadiqlik göstəriblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarış iştirakçılar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Yekun nəticələrə əsasən, Gülnarə Əsədova birinci, Emin Rzayev ikinci, Eldar Kərimov isə üçüncü yeri tutub.
Gülnarə Əsədova ümumi sıralamada qalib gələrək Azərbaycan qolf tarixində ölkə çempionu adına layiq görülən ilk qadın qolfçu olub. Onun əldə etdiyi nəticə ölkədə qadınların idmanda iştirakının təşviqi və qolfun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Turnirdə göstərdiyi yüksək nəticələrə görə Gülnarə Əsədova Azərbaycan milli qolf komandasının heyətinə daxil edilib.
Xüsusi nominasiyalar üzrə qaliblər də müəyyənləşib. “Best Gross Winner” nominasiyasında Emin Rzayev, “Longest Drive Winner” nominasiyasında Amir Kərimov qalib olub. “Nearest the Pin Winner” nominasiyası üzrə isə Emin Rzayev və Gülnarə Əsədova fərqləniblər.
Yarışın keçirilməsinə verdikləri dəstəyə görə sponsorlar – Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubuna təşəkkür edilib.
Sonda qaliblər və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. İştirakçılar üçün xüsusi hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim edilib. Mükafatları Azərbaycan Qolf Federasiyasının baş katibi Arif Novruzov və federasiyanın vitse-prezidenti Anar Əzimov qaliblərə təqdim ediblər.
Azərbaycan Qolf Federasiyası ölkədə qolf idman növünün inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
















































































